Bakı. Trend:
Böyük Britaniya təmiz enerji sahəsində Azərbaycanla öz təcrübəsini bölüşmək niyyətinə sadiq olaraq qalır.
Bunu Trend-ə Böyük Britaniyanın Enerji təhlükəsizliyi və Sıfır Emissiya nazirliyinin nümayəndəsi bildirib.
“Bir halda ki, Azərbaycan bərpa olunan enerji mənbələrindən daha fəal istifadə etməyə can atır, biz ölkənin bu sahədəki potensialını tam şəkildə üzə çıxarmağa kömək etmək üçün təmiz enerjiyə keçid üzrə təcrübəmizi bölüşməyə hazırıq”, – deyə qurumun nümayəndəsi bildirib.
“Biz Böyük Britaniyanın təmiz enerji sahəsində lider statusuna yüksəlməsi, keyfiyyətli iş yerlərinin yaradılması və iqtisadi artım yolu ilə əldə etdiyi təcrübəyə əsaslanırıq”, - o əlavə edib.
O vurğulayıb ki, Bakıda keçirilən COP29 konfransının nəticələrinə əsaslanaraq, Böyük Britaniya qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfi üzrə Paris Sazişinə nail olunması və daha dayanıqlı, ekoloji cəhətdən təmiz gələcəyin qurulması istiqamətində Azərbaycanla əməkdaşlığın davam edəcəyinə ümid edir.
“Böyük Britaniya qlobal enerji keçidində əsas rol oynayan Azərbaycanla tərəfdaşlıqdan qürur duyur”, – deyə agentliyin həmsöhbəti əlavə edib. – “Bakı Enerji Həftəsi” iqlim və enerji sahəsində əməkdaşlığımızı dərinləşdirmək üçün mühüm platformadır”.
Qeyd edək ki, 30-cu Bakı Enerji Həftəsi 2–4 iyun tarixlərində keçirilir və regionun ən böyük sahəvi tədbiri kimi enerji sektorunun qlobal liderlərini bir araya gətirir. Bu il tədbirdə 39 ölkədən 267 şirkət iştirak edir.
Böyük Britaniyanı forumda ölkənin Xarici İşlər, Birlik və İnkişaf Ofisi və Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin Beynəlxalq Enerji Birgə Bölməsinin rəhbəri Sofi Vestleyk təmsil edir.