...

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2025 09:35 (UTC +04:00)
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar “Elm fəaliyyətdədir” şüarı altında beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlarla yanaşı, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, mütəxəssislər, ekspertlər təmsil olunublar.

Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib:

“Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdiriblər”.

ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını və tezliklə heyvandarlıq üzrə bakalavr proqramının təqdim olunacağını qeyd edib. Elkin Nurməmmədov ADA Universitetinin kənd təsərrüfatı və qida sektorlarında innovasiya, tətbiqi təhsil və praktiki əməkdaşlığı təşviq etmək məqsədilə universitet-sənaye tərəfdaşlıqlarının gücləndirilməsinin davam etdiriləcəyini vurğulayıb.

Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib.

Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub.

Qeyd edək ki, konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti