Bakı.Trend:
Dünyada dominant müstəmləkə gücünə çevrilmək siyasətinin qurbanı olan Qlobal Cənub ölkələri haqlı olaraq hegemonluğa, ikili standartlara qarşıdır, beynəlxalq münasibətlər sistemində öz təmsilçiliyini artırmağa, səsini effektiv şəkildə gücləndirməyə çalışır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, bu prosesdə müstəmləkəçiliyə qarşı mübarizə aparan Azərbaycanın rolu ön plana çıxır.
"Rəsmi Bakı Qarabağda işğala son qoyduqdan sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz nəticələrini verməkdədir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivinə çevrilib".
Deputat qeyd edib ki, Azərbaycanın neokolonializmə qarşı mübarizəsi, BTQ yaradılması dünyada da müsbət qarşılanır və dəstəklənir.
"BTQ tərəfindən təşkil olunmuş, müstəmləkəçilik irsinin, onların müxtəlif təzahürlərinin, habelə neokolonial təcrübənin yaratdığı problemlərin müzakirəsi üçün əlverişli şərait yaradan dekolonizasiya və neokolonializm üzrə beynəlxalq konfranslar mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki,son iki il ərzində BTQ təxminən 30 beynəlxalq konfransa ev sahibliyi edib".
Deputat sonra bildirib ki, Azərbaycan dövləti beynəlxalq müstəvidə müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın hansı regionunda baş verməsindən asılı olmayaraq, bu cür neqativ halları yolverilməz hesab edir.
"Ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yarada bilib. Biz daha ədalətli, daha inklüziv və insan hüquqlarına hörmət edən bir gələcəyin qurulmasına nail olmağa çalışırıq".