Bakı. Trend:
“TotalEnergies” tullantıların azaldılması və iqtisadi səmərəliliyə, o cümlədən “Abşeron” yatağının işlənilməsinə xüsusi diqqət ayırmaqla layihələrin həyata keçirilməsini davam etdirəcək.
Trend xəbər verir ki, bunu “TotalEnergies” şirkətinin Avropada kəşfiyyat və hasilat işləri üzrə baş vitse-prezidenti Jan-Lük Gizu (Jean-Luc Guizou) Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, şirkətin fəlsəfəsi yeni layihələrin icrasında ciddi intizamın qorunmasına əsaslanır; bu fəlsəfədə karbon izinin azaldılmasına, eləcə də kapital xərclərinin optimallaşdırılmasına üstünlük verilir.
“İstənilən yeni layihə üçün biz bu prinsipi rəhbər tuturuq: texniki qiymətlərlə xərclər bir barel üçün 20 ABŞ dollarından aşağı olmalıdır və eyni zamanda layihə karbonsuzlaşdırma prosesinə töhfə verməlidir”, – deyə o bildirib.
“TotalEnergies” nümayəndəsi həmçinin vurğulayıb ki, İraqda tətbiq olunan layihə dizaynının sadələşdirilməsi yanaşması "Abşeron" layihəsində də fəal şəkildə istifadə olunur: “Biz boru kəmərlərinin dizaynını sadələşdirmək yollarını tapmışıq, kapital xərclərini azaltmışıq, quruda – Səngəçalda isə ekoloji izlərin azaldılmasına və artıq avadanlıqların aradan qaldırılmasına yönəlmiş həllərdən istifadə edirik”.
Gizu qeyd edib ki, belə yanaşma təkcə rentabelliyi təmin etmir, həm də şirkətin dayanıqlı və ekoloji baxımdan məsuliyyətli enerji portfelinin inkişafı üzrə missiyasına tam uyğun gəlir.