Bakı. Trend:
Bakıdakı Türk Sənət Akademiyasında türk dünyasından olan bir qrup şair və yazıçının iştirakı ilə “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, Türkiyənin “Dergizan” jurnalının təşkilatçılığı ilə baş tutan tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova olub.
Dünya Sənətçilər Dərnəyinin sədri, “Dergizan” jurnalının təsisçisi və baş redaktoru Ramazan Karataş Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin köklərinin dərin və sarsılmaz olduğunu vurğulayıb.O, bu birliyin yalnız keçmişə deyil, ortaq gələcəyə də xidmət etdiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan Ramazan Karataş hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, tədbirin Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişafı, eləcə də ədəbi əlaqələrin zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dərnək sədri iki qardaş ölkə arasında ədəbi körpülərin tarixən güclü əsaslar üzərində formalaşdığını və bu istiqamətdə jurnal nəşrlərinin - xüsusilə “Dergizan”ın aparıcı rol oynadığını söyləyib. Ramazan Karataş “Dergizan” jurnalının yaranma tarixçəsi barədə məlumat verərək, Azərbaycanın tanınmış qələm sahiblərinin şeir və yazılarının mütəmadi olaraq sözügedən nəşrdə dərc olunduğunu bildirib.
Bədii hissədə söz və sənət sahibləri “Dergizan” jurnalında çap olunmuş sevilən şeirlərini səsləndiriblər.
Sonda “Dergizan” jurnalında şeir, məqalə və yazıları çap olunmuş iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbirdə AMEA Rəyasət Heyəti aparatının sektor müdiri Nərgiz Qəhrəmanova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Gülnar Səma da iştirak ediblər.