Bakı. Trend:
İlin ilk 4 ayında küləkli günlərin sayını nəzərə alsaq, bu ilin sonuna yük aşırmalarının həcmi 100 min TEU həcmini ötəcək.
Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlama və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar" mövzusunda keçirilən panel müzakirədə çıxışında deyib.
"2024-cü ildə biz 76 min TEU-dan çox konteyner aşırmışıq. Ondan əvvəlki dövrlərdə bu göstərici 35-40 min TEU idi. Təkcə bu ilin 4 ayında isə Bakı Limaninda 38,6 min TEU yük konteyner aşırmışıq. İlin ilk 4 ayında küləkli günlərin sayını nəzərə alsaq, bu ilin sonuna yük aşırmalarının həcmi 100 min TEU həcmini ötəcək", - o bildirib.
X.Həsənli vurğulayıb ki, 10-15 il bundan əvvəl konteynerlərin həcmləri 15-20 min TEU həcmində dəyişirdi, indi isə 5 dəfə artıq göstəricidən danışılır:
"Konteynerlərin aşırılması protokolla tənzimlənir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşurutu çərçivəsində limanların protokolla yükləri qəbul etdiyi zaman var ki, bir gəminin yüklənib boşaldılmasına maksimum 30 saat müddət sərf edilir. Bakı Limanında 2024-cü ildə bu rəqəm ortalama 20,1 saata bərabər olub. Burada əsas məsələ sürətdən çox o yüklərin qəbul edilməsindən gedir.
Hazırda 3 körpüdə konteynerlərin aşırmasını həyata keçirə bilirik".