Bakı.Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Türkmənistana məhsul ixracına başlayıb.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Bildirilib ki, şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə 100 ton həcmində elektrod göndərilib.
Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir İnvestisiya həcmi 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib.