...

“MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub (FOTO)

Mədəniyyət Materials 3 İyun 2025 20:20 (UTC +04:00)
“MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.

Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası" ilə başlanıb.

Ansamblın ifasında “Qaytağı” və "Uzundərə" rəqsləri də təqdim olunub.

Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə "Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.

Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında "Qırğız çıroqu” rəqsi təqdim olunub.

Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib. Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz" romansını səsləndirib. Sonra o, Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.

Qazaxıstanın "Kulansaz" foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər.

Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa" Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar.

Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”,tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər.

"Qaya” Dövlət Ansamblının ifasında “Laçın" xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.

Rusiyadan "Voronej qızları" xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib.
Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.

Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və "Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.

Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti