Bakı. Trend:
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovla birgə Belçikadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.
Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Belçikadakı Səfirliyində baş tutan görüşə "Fireland” Azərbaycanlılar Birliyinin rəhbəri İlahə Tağıyeva, BAF-Belçika Azərbaycanlıları Federasiyasının vitse-prezidenti Anar Malik, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının rəhbəri Emin Əliyev, “Radio Octo” Radio kanalının təsisçisi Rüfət Abbasov, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Yasəmən Abbasi, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının həmsədri Aysu Əhməd, komitə və səfirliyin əməkdaşları qatılıb.
Görüşdə xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Görüləcək işlər, qarşıda duran hədəflər, həyata keçiriləcək layihələr və gələcəyə dair perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.