Bakı. Trend:
Ələt Azad İqtisadi Zonası regionun ən cəlbedici azad iqtisadi zonasıdır. Gələcək investorlar üçün deyim ki, biz 60 hektarlıq ərazini təqdim etməyə hazırıq. Bu yaxınlarda növbəti 138 hektar ərazini investorlara təqdim etməyə hazır olacağıq. Bir il sonra isə 364 hektar ərazini investorlara təqdim edəcəyik. Cəmisi bu günə aşağısı 6500 hektar ərazimiz vardır.
Trend xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası İdarəetmə Təşkilatının İdarə Heyətinin sədri (AFEZ) Valeh Ələsgərov bu gün Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının ərazisində artıq böyük hava limanı tikilir: "Hava limanının ərazisi ilkin mərhələdə 750 hektar olacaq, gələcəkdə isə daha da genişləndiriləcək və regionun ən böyük hava limanlarından biri olacaq.
Bunları nəzərə alaraq, biz bu gün Ələt Azad İqtisadi Zonasında çalışan və maraq göstərən investorlar üçün hər növ nəqliyyat-logistika xidmətlərini göstərməyə hazırıq".