...

Azərbaycan Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşıdır - Lin Kıçinq

İqtisadiyyat Materials 5 İyun 2025 15:21 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Keçən ilin iyul ayında Çin və Azərbaycan strateji tərəfdaşlıq münasibətləri qurduqlarını elan etdilər. Bu ilin aprel ayında isə iki ölkənin dövlət başçıları arasında razılıq əldə olunaraq hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına qərar verildi. Bu, iki ölkə arasında uzun illər davam edən dostluq əlaqələrinin bəhrəsi olmaqla yanaşı, həm də iqtisadi və ticarət əməkdaşlığında yeni bir səhifənin başlanğıcıdır.

Trend xəbər verir ki, bunu Çin Xalq Siyasi Məşvərət Şurasının Guangdong Əyalət Komitəsinin sədri Lin Kıçinq bu gün Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, iki ölkə arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq artıq ciddi nəticələr verib: "Azərbaycan Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşı olmuşdur. Bu dəfə Guangdong vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi, Guangdong ilə Azərbaycan arasında daha geniş sahələrdə və daha yüksək səviyyədə qarşılıqlı inkişafın təmin olunmasına təkan verməkdir. Guangdong vilayəti Çinin ən iri iqtisadi, əhali və xarici ticarətə malik əyalətidir və eyni zamanda Çin islahatları və açıq siyasətinin öncül bölgəsidir.

2020-ci ildə Guangdong vilayətinin ümumi daxili məhsulu 14 trilyon yuanı keçdi və 36 il ardıcıl olaraq Çin üzrə birinci yerdə qərarlaşdı. Bu ilin birinci rübündə isə vilayətin ÜDM-si 3.35 trilyon yuandan çox oldu, xarici ticarət dövriyyəsi 2.14 trilyon yuana çataraq tarixdə analoji dövr üçün yeni rekord müəyyənləşdirdi.

Artıq bu bölgə həm ölkə daxilində, həm də xaricdə diqqət mərkəzində olan sərmayə üçün əlverişli bir yerə, sahibkarlıq üçün münbit bir torpağa çevrilmişdir".

"Guangdong vilayəti Azərbaycanla birlikdə, "Bir kəmər, bir yol" təşəbbüsü və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində, sərmayə və ticarət, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, mədəniyyət və turizm kimi sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır və bu vasitə ilə Çin-Azərbaycan münasibətlərinin yeni inkişafına təkan verməyə, daha çox enerji və canlılıq qatmağa sadiqdir", - o qeyd edib.

O vurğulayıb ki, digər məsələ iki bölgə arasında enerji sahəsində əməkdaşlığın davamlı dərinləşdirilməsidir: "Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə Azərbaycanın enerji dəhlizi planı yüksək səviyyədə uyğunluq təşkil edir. Azərbaycan tərəfindən irəli sürülən enerji dəhlizi, xüsusilə Xəzər dənizi, Qara dəniz və Avropanı əhatə edən yaşıl enerji dəhlizi, kütləvi yenilənə bilən enerji inkişafı üçün böyük potensial yaradır. Hazırda Guangdong vilayəti külək enerjisi, günəş enerjisi və bio-ağıllı texnologiyalar sahəsində genişmiqyaslı tətbiqlərə nail olmuşdur, dəniz külək elektrik enerjisi və yeni nəsil enerji saxlama sənayelərində tam sənaye qabiliyyəti formalaşdırmışdır.

Vilayətimizin ən yüksək keyfiyyətli neft emalı və kimya sənayesi, hidrogen enerjisi, yeni materiallar və yeni enerji kimi layihələri ilə uyğunlaşdıraraq, birgə şəkildə Guangdongun yaşıl transformasiya və təkmilləşmə dividendlərini paylaşaq.

Üçüncüsü, iki bölgə arasında ticarət əməkdaşlığının miqyasını daim artırmaqdır. Çin istehsalat sənayesinin aparıcı vilayətlərindən biri kimi, Guangdong qabaqcıl istehsalata əsaslanan müasir sənaye sistemini artıq formalaşdırmışdır. Vilayətdə 31 əsas istehsal sahəsinin hamısı mövcuddur və yeni nəsil elektron informasiya, ağıllı məişət texnikası, avtomobil və yeni enerji kimi 9 iri sənaye klasteri yaranmışdır".

Lin Kıçinq qeyd edib ki, yaxın vaxtlarda Guangzhou şəhərində keçirilmiş 137-ci Canton Sərgisinə minlərlə iş adamı axışıb Onun sözlərinə görə, sərgidə 219 ölkə və regiondan 280 min xarici alıcı iştirak edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% artım deməkdir: "Tədbirdə ümumi ixrac müqavilələrinin dəyəri 25.44 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da 3% artım deməkdir. Biz ümid edirik ki, Azərbaycan ilə ikitərəfli ticarət daha da güclənəcək, daha çox Guangdongun yüksək keyfiyyətli məhsulları Azərbaycan bazarına daxil olacaq və eyni zamanda Azərbaycanın nar, üzüm şərabı, quş əti, fındıq və badam kimi seçilən məhsulları da Guangdong bazarına daxil ediləcək.

Bu, iki region arasında ticarətin keyfiyyət və səviyyəsini davamlı olaraq yüksəldəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti