...

Azərbaycan və Çinin qarşılıqlı investisiyalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 5 İyun 2025 16:06 (UTC +04:00)
Azərbaycan və Çinin qarşılıqlı investisiyalarının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə Çin-Azərbaycan iqtisadi və ticarət əməkdaşlığı müsbət inkişaf tendensiyası nümayiş etdirir — ikitərəfli ticarət durmadan artır, Çin artıq Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük idxal mənbəyi ölkəsinə çevrilmişdir.

Trend xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mei bu gün Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, iki ölkə arasında ivestisiyalar sabit şəkildə artır: "Azərbaycan tərəfinin statistikasına görə, hazırda Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı təxminən 300-dür, Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 900 milyon ABŞ dollarını keçmişdir. Azərbaycanın Çinə yatırdığı investisiyaların həcmi təxminən 300 milyon ABŞ dollarıdır.

Hazırda Çin və Azərbaycan tərəfləri yalnız tikinti materialları, neft-qaz axtarışı, infrastruktur əlaqələndirmə, kənd təsərrüfatı avadanlıqları, telekommunikasiya və texnologiya sahələrində konkret layihələr həyata keçirməklə kifayətlənmirlər, eyni zamanda külək enerjisi, günəş enerjisi və yeni enerji nəqliyyat vasitələri kimi yeni sahələrdə əməkdaşlığı da fəal şəkildə təşviq edirlər".

Səfir həmçinin qeyd edib ki, Çin-Azərbaycan iqtisadi və ticarət investisiya əməkdaşlığının səviyyəsini daha da artırmaq üçün böyük potensial mövcuddur: "İkitərəfli ticarət və investisiya həcminin daha da genişləndirilməsi, maliyyələşdirmə kanallarının daha da açılması və ticarət strukturunun optimallaşdırılması üçün də ehtiyac vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə iki ölkə arasında hökumətlərarası ticarət və iqtisadi əməkdaşlıq komissiyasının mexanizminin rolunu tam şəkildə həyata keçirməyə hazırdır".

Lu Mei Guandong əyalətinin üstünlüklərindən də danışıb: "Guangdong əyaləti iqtisadi baxımdan güclü, sənaye resursları zəngin və bazar həcmi böyükdür. Hər il Qançjouda keçirilən Canton Fair (Guangzhou Beynəlxalq Ticarət Sərgisi) dünya şöhrətli idxal-ixrac məhsulları ticarət yarmarkasıdır. Bu, həm də Çinin dünyaya islahat və açıq qapı siyasətində əldə etdiyi nailiyyətləri nümayiş etdirdiyi mühüm bir platformadır.

Guangdong-Hong Kong-Makao Böyük Körfəz Bölgəsi tədarük zənciri, maliyyə və elmi-texnoloji innovasiya sahələrində qlobal səviyyəli mərkəzə çevrilməkdədir. Guangdong əyalətinin üstünlükləri və potensialı Çin-Azərbaycan iqtisadi və ticarət əməkdaşlığının yüksək keyfiyyətli inkişafı üçün güclü hərəkətverici qüvvə təmin edəcəkdir.

Bu gün Guangdong əyalətinin nümayəndə heyəti və sahibkarları Azərbaycanın inkişaf strategiyası, investisiya ehtiyacları, bazar imkanları ilə yaxından tanış olacaq, enerji keçidi, infrastruktur, sənaye istehsalı, elmi-texnoloji innovasiya və digər sahələrdə əməkdaşlıq və mübadilə imkanlarını araşdıracaqlar".

"Çin Guangdong–Azərbaycan İqtisadi və Ticarət Əməkdaşlığı Forumunun" keçirilməsi təkcə Guangdong ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir platforma olmayacaq, eyni zamanda iki ölkə liderlərinin strateji rəhbərliyi altında hərtərəfli strateji tərəfdaşlığın zənginləşdirilməsinin canlı nümunəsinə çevriləcəkdir. İnanırıq ki, bu qarşılıqlı əlaqə və müzakirələr nəticəsində tərəflər daha çox yüksək keyfiyyətli əməkdaşlıq layihələrinin həyata keçirilməsinə nail olacaqlar. Çinin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi, hər iki tərəf arasında bütün sahələrdəki praktik əməkdaşlığa dəstək verməyə davam edəcəkdir", - deyə səfir fikirlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti