...

Mərkəzi Bank ötən il minə yaxın saxta pul nişanını tədavüldən çıxarıb

İqtisadiyyat Materials 5 İyun 2025 13:28 (UTC +04:00)
Mərkəzi Bank ötən il minə yaxın saxta pul nişanını tədavüldən çıxarıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Mərkəzi Banka dövriyyədən 5.73 milyard manat pul nişanı mədaxil edilib, 5.86 milyard manat pul nişanı isə məxaric olunub.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 0.76% (131 mln. manat) artaraq ilin sonuna 17.44 milyard manat təşkil edib.

"Hazırda milli valyuta üzrə ehtiyatlar 8.9 mlrd. manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Mərkəzi Bank tərəfindən 2024-cü il ərzində yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

1 və 3 qəpiklik metal pul nişanları daha öncə yenilənmiş 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına uyğun olaraq arxa tərəfinin dizaynına Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də istehsal ili əlavə edilməklə yenilənib. Yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq",- məlumatda bildirilib.

Qeyd olunub ki, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq-mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb:

"Hesabat ilində milli valyutada 379 ədəd (32611 manat) saxta pul nişanı, xarici valyutada isə 503 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib.

Hesabat ili ərzində əhalidən 6.7 mln. manat (155.2 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib. Bütövlükdə Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti