Bakı. Trend:
12-14 iyun 2025-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) təşkil olunacaq.
UNEC-in 95 illik yubileyinə həsr olunan bu ilki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans çərçivəsində kitab sərgisi, məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, “Cop-29 Azərbaycan töhfəsi: İqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatın drayverləri: Rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzularında panel müzakirələr təşkil olunacaq.
Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 20-ə yaxın elmi bazasında indekslənəcəkdir.