Bakı. Trend:
ABŞ-nin “Boeing” şirkəti 2018-2019-cu illərdə iki “737 MAX” təyyarəsinin qəzası ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 1,1 milyard dollar ödəyəcək.
Trend xəbər verir ki, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytındakı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi ilə razılaşma sazişi şirkətin uyğunluq, təhlükəsizlik və keyfiyyət proqramlarını gücləndirmək üçün 455 milyon dollar yönləndirməsini nəzərdə tutur.
“Boeing” həlak olanların ailələrinə 444,5 milyon dollar ödəyəcək. O, həmçinin 487,2 milyon dollar cərimələnib, lakin bu məbləğin yarısını artıq 2021-ci ildə ödəyib.
Razılaşma sayəsində şirkət təyyarə qəzaları ilə bağlı iyunun 23-də başlaması planlaşdırılan məhkəmə prosesindən yayınacaq. Xatırladaq ki, iki təyyarə qəzası nəticəsində 346 nəfər həlak olmuşdu.