Bakı.Trend:
Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova ilə müsahibə verib.
Trend müsahibəni təqdim edir:
- Mətanət xanım, nə üçün orqan köçürülməsindən sonra qanda immunosupressant dərmanların miqdarına nəzarət etmək vacibdir?
- Orqan köçürülməsi insan həyatını xilas edən çox önəmli və
mürəkkəb bir əməliyyatdır. Orqan transplantasiyasından sonra
immunosupressantların qəbulu vacibdir, çünki insanın immun sistemi
təbii olaraq tranplantasiya edilmiş orqanı “yad” kimi qəbul
edir.
İmmunosupressantlar müntəzəm qəbul edilmədikdə və ya qanda
səviyyəsi azaldıqda immun sistemi yenidən aktivləşir. Bu da
xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Bu səbəbdən
müntəzəm olaraq qanda laborator müayinə aparılmaqla
immunosupressantların səviyyəsinə nəzarət olunmalıdır.
İmmunosupressiv dərmanların düzgün dozada və müntəzəm qəbulu uğurlu
transplantasiyanın əsas şərtlərindəndir.
İmmunosupressiv preparatların terapevtik monitorinqi hansı analitik üsullarla həyata keçirilir?
- Orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv
preparatların qandakı səviyyəsinin cüzi dəyişkənliyi belə
terapiyanın effektivliyinə ciddi təsir göstərə bilir. Buna görə də,
qanda dərman konsentrasiyasının dəqiq və etibarlı şəkildə ölçülməsi
klinik baxımdan həyati əhəmiyyət daşıyır.
Laboratoriyamızda olan yüksək dəqiqlik və həssaslığa malik ikiqat
kütlə spektrometriyalı maye xromatoqrafı (LC-MS/MS)
immunosupressantların (məsələn, takrolimus, siklosporin, sirolimus,
everolimus), hətta çox aşağı konsentrasiyalarını belə dəqiqliklə
müəyyən etməyə imkan verir. İkiqat kütlə spektrometriyalı maye
xromatoqrafının seçiciliyi və dəqiqliyi çox yüksək olduğu üçün
beynəlxalq səviyyədə müvafiq analizlərin həyata keçirilməsi üçün
“qızıl standart” hesab edilir.
Alınan nəticələrə əsasən müalicə həkimi uyğun dozanı seçir və
nəticədə müalicənin effektivliyi və xəstənin həyati təhlükəsizliyi
qorunur.
- Orqan transplantasiyası olunmuş xəstələrdə immunosupressiv dərmanların normadan artıq və ya az qəbul edilməsi hansı patofizioloji dəyişikliklərə və klinik risklərə yol açır?
- İmmunosupressiv dərmanların müalicə həkimi tərəfindən təyin edilmiş dozadan az qəbul edilməsi immun sistemin həddən artıq zəifləməsinə səbəb olur. Nəticədə, orqanizmdə infeksiyalara qarşı yüksək həssaslıq yaranır, infeksiyaların inkişaf riski artır. Bu isə transplantasiya olunmuş orqanlarda rəddolunma riskinin artmasına, autoimmun xəstəliklərin kəskinləşməsinə, iltihab proseslərinin yenidən aktivləşməsinə və ümumilikdə müalicənin effektivliyinin azalmasına gətirib çıxara bilir. Dozanın çoxluğu isə dərmandan asılı olaraq qaraciyər, böyrək və sümük iliyində zədələnmələrə səbəb olur, həmçinin qan azlığı kimi hematoloji pozğunluqlar törədə bilir.
- Eyni dərmanın fərqli insanlarda fərqli nəticə verməsinin səbəbləri hansılardır?
- İmmunosupressiv dərmanların eyni dozada müxtəlif insanlarda
fərqli təsir göstərməsi orqanizmin genetik xüsusiyyətləri,
qaraciyər və böyrək fəaliyyətinin səviyyəsi, yaş, cins, bədən
çəkisi və ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır. Genetik fərqlər
dərmanları parçalamaq üçün lazım olan fermentlərin fəaliyyətini
dəyişdirdiyindən eyni dərman bir insanda tez parçalanaraq zəif
təsir göstərə, digərində isə gec metabolizə olunaraq daha güclü
təsir yarada bilər.
Qaraciyər və böyrək funksiyasında olan fərqlər də dərmanların
orqanizmdə yığılma və xaricolma sürətinə təsir edir. Həmçinin,
digər dərmanlarla qarşılıqlı təsirlər, bəzi qidalar, siqaret və
alkoqol kimi həyat tərzi faktorları immunosupressiv dərmanların
təsir gücünü dəyişdirə bilir. Buna görə immunosupressiv dərmanların
dozası hər bir xəstənin fərdi xüsusiyyətləri nəzərə alınaraq
tənzimlənməli və müntəzəm laborator nəzarət altında
saxlanmalıdır.
- Orqan transplantasiyası olunmuş xəstələrdə qanda immunosupressiv dərman monitorinqinin vaxtında aparılmaması nəyə gətirib çıxarır?
- Orqan transplantasiyası olunmuş xəstələrdə qanda
immunosupressiv dərmanların laborator monitorinqinin vaxtında
aparılmaması ciddi klinik və patofizioloji nəticələrə gətirib
çıxarır. Vaxtında aparılmayan laborator nəzarət həm terapevtik
effektin azalmasına, həm də təhlükəli yan təsirlərin artmasına
səbəb ola bilir.
Bundan əlavə, orqan transplantasiyası olunmuş xəstələrdə laborator
müayinələrin gecikməsi bir neçə səbəbdən psixoloji gərginlik və
narahatlıq yarada bilər. Belə ki, xəstə immunosupressiv dərmanların
səviyyəsinin norma daxilində olub-olmadığını və transplant olunmuş
orqanın necə işlədiyini bilmədikdə, bu qeyri-müəyyənlik narahatlıq
səviyyəsini artırır və müayinələrin vaxtında aparılmamasının,
terapiyanın kifayət qədər effektiv olmamasına və orqanın rədd
olunma riskinin artmasına gətirib çıxara biləcəyi anlayışı stresi
gücləndirir.
Bu səbəbdən, orqan transplantasiya olunmuş xəstələrdə qanda
immunosupressiv dərmanların monitorinqi müntəzəm və vaxtında
aparılmalıdır. Eyni zamanda, doza tənzimləmələri laborator
nəticələr və klinik göstəricilər əsasında müəyyən edilməlidir.
Müntəzəm laborator monitorinq köçürülmüş orqanın qorunması, dozanın
optimal terapevtik səviyyədə saxlanması və xəstənin klinik
təhlükəsizliyinin təmin olunması baxımından həyati
əhəmiyyətlidir.
- Dəqiq nəticələrin əldə olunması üçün immunosupressiv preparatlar qəbul edən xəstələr laborator müayinədən öncə hansı qaydalara əməl etməlidirlər?
- Orqan köçürülməsindən sonra xəstənin həyatı immunosupressiv
preparatların qəbuluna necə riayət etməsindən birbaşa asılıdır.
İmmonosupressiv preparatlar həkimin təyin etdiyi dozada və saatda
qəbul edilmədikdə köçürülmüş orqanı qorumaq mümkün olmur. Çünki
qəbul vaxtının dəyişməsi dərmanın orqanizmdəki miqdarına təsir
göstərir. Heç bir halda dərmanın dozasını özbaşına artırmaq və ya
azaltmaq olmaz. Bu qərarı yalnız laborator müayinələrin
nəticələrinə istinadən müalicə həkimi verə bilər.
Bəzi xəstələr özlərini yaxşı hiss etdikdə dərmanın dozasını
azaltmağa, bəzən isə daha tez sağalmaq ümidi ilə artırmağa
çalışırlar. Lakin bu, çox təhlükəlidir. Hər iki hal transplantasiya
olunmuş orqanın funksional pozğunluğuna və xəstənin ümumi sağlamlıq
vəziyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, xəstələr yeni
dərman, vitaminlər, qida əlavələri qəbul etməzdən əvvəl mütləq
müalicə həkimləri ilə məsləhətləşməlidirlər. Çünki bəzi maddələr
immunosupressantların təsirini zəiflədə və ya gücləndirə bilər. Bu
isə dərman səviyyəsində kəskin dəyişiklik yaradır.
Unutmamalıyıq ki, immunosupressantlar transplantasiya olunan
orqanın yeni sahibinə uyğunlaşmasını təmin edən ən vacib vasitədir.
Onlara düzgün riayət etmək orqanın uzun illər sağlam qalmasına
şərait yaradır.

