Bakı. Trend:
Ötən il Azərbaycan Mərkəzi Bankına (AMB) dövriyyədən 5.73 milyard manat pul nişanı mədaxil edilib, 5.86 milyard manat pul nişanı isə məxaric olunub.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 0.76% (131 milyon manat) artaraq ilin sonuna 17.44 milyard manat təşkil edib.
Bildirilib ki, hazırda milli valyuta üzrə ehtiyatlar 8.9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.
Eyni zamanda xatırladılıb ki, Mərkəzi Bank tərəfindən 2024-cü il ərzində yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. Qeyd olunub ki, 1 və 3 qəpiklik metal pul nişanları daha öncə yenilənmiş 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına uyğun olaraq arxa tərəfinin dizaynına Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də istehsal ili əlavə edilməklə yenilənmişdir. Vurğulanıb ki, yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq
Bundan başqa, bildirilib ki, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb: "Hesabat ilində milli valyutada 379 ədəd (32611 manat) saxta pul nişanı, xarici valyutada isə 503 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılmış və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirmişdir. Hesabat ili ərzində əhalidən 6.7 mln. manat (155.2 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilmişdir".
"Bütövlükdə, Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılmışdır", - deyə məlumatda qeyd olunub.