...

"Şərurlu İsfəndiyar"la bağlı növbəti məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 5 İyun 2025 14:19 (UTC +04:00)
"Şərurlu İsfəndiyar"la bağlı növbəti məhkəmə prosesi keçirilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı olan Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə bildirib ki, vəkil sorğusu zamanı məlum olub ki, baxılan iş üzrə təqsirləndirilən İsfəndiyar Axundov təkcə, Binəqədi Rayon Məhkəməsində 40-a yaxın iş üzrə cavabdeh şəxs qismində tanınıb.

Daha sonra vəkil təqsirləndirilən şəxsin şüşə qəfəsdə deyil, yanında əyləşməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra xüsusi ittihamçı olan Emil Səməndərov məhkəmədən İsfəndiyar Axundovun qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.

İsfəndiyar Axundov Emil Səməndərova “Sənin atan və yoldaşın məni məhkəməyə verərək 5 milyon tələb edir” sualını verib.

Emil Səməndərov bu hadisədən məlumatlı olmadığını bildirib.

Vəkil Asim Abbasov məhkəməyə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Emil Səməndərovun işi üzrə qeyd olunan protokolların məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət verib.

Vəkil bildirib ki, “Şərur” MTK zərərçəkənlərə 30 minlik ziyana görə 50 minlik çeklərə imza çəkdirib. Bu da protokollarda öz əksini tapıb. Məhkəmədən bildirilib ki, protokollar vəkil sorğusu əsasında verilmir, yanlız məhkəmə sorğusu ilə təqdim edilir.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra mediada yayılan İsfəndiyar Axundovun müsabəsi olan videogörüntüyə baxılıb.

Məhkəmə linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikrini soruşub.

Tərəflər ekdəspertizaya ehtiyac olmadığını məhkəməyə bildirib.

Məhkəmə videonun linqvistik ekspertizaya verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə qeyri-müəyyən vaxta təxir olunub.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti