Bakı. Trend:
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə iyunun 5-də “Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, dövlət qurumları, səfirlik nümayəndələri, tarixçilər, beyin mərkəzləri və media təmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində azərbaycanlıların müasir Ermənistan ərazisində tarixən yaşamış və oranın köklü sakinləri olması ilə bağlı elmi-faktoloji baza və vizual materiallara əsaslanan, həmin ərazilərdəki tarixi maddi-mədəni irs barədə hazırlanan “Daşları toplamaq vaxtıdır” kitabının təqdimatı baş tutub.
BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev qeyd edib ki, müasir Ermənistan Respublikası ərazisində Azərbaycan xalqına məxsus olan maddi-mədəni irs məqsədyönlü şəkildə məhv edilib və ya başqa xalqlara məxsus kimi təqdim olunub. Bildirib ki, müasir Ermənistan ərazisində vaxtilə mövcud olmuş və ya aidiyyatı saxtalaşdırılmış maddi-mədəni irsin sənədləşdirilməsi Azərbaycanın milli maraqları baxımından vacib məsələdir.
“Bakının mərkəzində erməni dilində yüzlərlə nəşrin qorunduğu erməni kilsəsi fəaliyyət göstərir. Qərbdə maddi-mədəni irs məsələsinə ikili yanaşma mövcuddur: erməni irsi mövzusu qabardılır, lakin Azərbaycan irsindən bəhs edilmir. Qarabağdakı xristian abidələr Azərbaycanın maddi-mənəvi irsinin tərkib hissəsidir. Ermənistanın irs adı altında qabartdığı məsələ isə 1993-cü ildən etibarən Qarabağda qanunsuz inşa edilən tikililərlə bağlıdır. Azərbaycanın Ermənistana hər hansı ərazi iddiası yoxdur və heç vaxt olmayıb. Bu, sırf insan hüquqları, qayıdış hüquqları ilə bağlı olan məsələlərdir. UNESCO regiona gəlib bu məsələləri araşdırmaq istəyirsə, Azərbaycan buna hazırdır. Lakin UNESCO məsələyə kompleks yanaşmalı, müasir Ermənistan ərazisindəki Azərbaycana məxsus maddi, mənəvi, mədəni irsin taleyini araşdırmalıdır”.
“Daşları toplamaq vaxtıdır” nəşrinin baş redaktoru və layihə rəhbəri Musa Mərcanlı isə çıxışında kitabın hazırlanma mərhələləri, tədqiqat metodologiyası, istifadə olunmuş arxiv materialları və eksklüziv fotoşəkillər barədə ətraflı məlumat verib. Müəllif əlavə edib ki, nəşrdə müasir Ermənistan ərazisindəki yaşayış məskənlərimiz, qəbiristanlıqlar, məscidlər və digər mədəni-tarixi abidələrimiz geniş şəkildə təhlil olunub və vizual sübutlarla təqdim edilib.
Təqdimatda qeyd olunub ki, kitabda yer alan materiallar yalnız tarix və mədəniyyət sahəsində aparılan tədqiqatlar üçün deyil, həm də milli yaddaşın bərpası və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. “Müasir Ermənistan ərazisində yerləşən kəndlərimizin böyük əksəriyyəti tamamilə məhv edilib. 2024-cü ildə aparılan tədqiqatlar nəticəsində 50-yə yaxın kəndin yüksək keyfiyyətli fotoşəkilləri əldə olunub. Bu materiallar vasitəsilə həmin ərazilərdəki qəbiristanlıqlara baxış keçirilib, 1970–1980-ci illərdə orada yaşamış azərbaycanlılara məxsus adların qəbirüstü abidələr üzərində qeyd olunduğu təsdiq edilib. Təxminən 200 il əvvələ aid edilən abidələrin arxiv fotoları ilə onların bugünkü vəziyyətinin müqayisəli təhlili nəticəsində orijinal memarlıq elementlərinin dəyişdirildiyi, bəzi hallarda isə tamamilə təhrif edildiyi müşahidə olunub. Hətta bəzi qəbirüstü abidələrin üzərinə sonradan xaç işarələri əlavə olunub, digər dini-simvolik elementlər isə silinib. Azərbaycanın müasir Ermənistan ərazisinə qarşı hər hansı ərazi iddiası mövcud deyil. Söhbət, ilk növbədə, tarixi ədalətin bərpası, insan hüquqları və xüsusilə də zorla qovulmuş əhalinin doğma torpaqlarına qayıdış hüququndan gedir,” - deyə M.Mərcanlı əlavə edib.
Kitabın elmi məsləhətçisi, tarixçi Rizvan Hüseynov çıxışında bildirib ki, tədqiqat və sənədləşdirmə işlərinin əsas məqsədi beynəlxalq ictimaiyyətə, xüsusilə də xaricdəki tərəfdaşlarımıza müasir Ermənistan ərazisində yaşayan azərbaycanlıların bu torpaqların köklü sakinləri olduqlarını, onların zəngin mədəni-mənəvi irsinin isə sistemli şəkildə dağıdıldığını və ya saxtalaşdırıldığını faktlara əsaslanaraq nümayiş etdirməkdir.
“Təəssüf ki, bu məsələ ilə bağlı səsləndirilən həqiqətlər bəzi subyektiv və obyektiv səbəblərdən dolayı lazımi şəkildə beynəlxalq arenada işıqlandırılmır. Beynəlxalq konvensiyalar və Azərbaycan siyasi-diplomatik resursları bu tarixi ədalətsizliyin aradan qaldırılmasına yönəlik konkret addımlar atmağa imkan verir”, - deyə R.Hüseynov qeyd edib.
Yekunda tədbir iştirakçıları ictimai şüurun artırılması istiqamətində bu cür fəaliyyətin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.