Bakı. Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinin və digər maraqlı tərəflərin kurort və sanatoriya xidmətlərindən ailə üzvləri də istifadə edə bilir.
Trend xəbər verir ki, bu sözləri Kurort Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının E-AHİK elektron rezervasiya sisteminin təqdimat tədbirində bildirib.
O qeyd edib ki, əgər yollayışın təyinatı müalicə xaraketlidirsə, ailə üzvlərindən yalnız ər-arvad, yollayış istirahət təyinatlıdırsa, ailə üzvləri, yəni ər, arvad, 18 yaşa kimi övladlar və 18 yaşdan yuxarı tələbə övladlar ümumi dəyərin 15%-ni ödəməklə istifadə edə bilər.
"Kurort və sanatoriya xidmətlərindən istifadə etmək üçün müraciət sayları kəskin artıb. Burada əlçatanlılıq, ədalətlilik və növbəlilik prinsipinin yayılmasının geniş faydası var.
Əvvəllər mərkəzimizdə yarı-elektron formada müraciətlər qəbul edilirdi. Artıq bu gündən etibarən yeni plaforma üzərindən müraciətlərin qəbulu tam təmin olunacaq", - deyə o əlavə edib.