Bakı. Trend:
“Desen MM” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib.
Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.
Məlumata görə, yeni qeydiyyata alınan rezident tərəfindən sənaye parkının ərazisində boya fırçası və boya rulosu istehsal ediləcək. Layihənin investisiya dəyəri 1,9 milyon manat təşkil edir.
Bildirilib ki, Türkiyə və Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.