Bakı. Trend:
Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artıb. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov iyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.