Bakı. Trend:
Bakıda Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı keçirilib.
Trend xəbər verir ki, tədbirdə Çin Ticarətin Təbliği üzrə Guangdong Komitəsinin (CCPIT Guangdong) I dərəcəli büro səviyyəli rəsmisi Bai Minqşao, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Çin Xalq Siyasi Məşvərəti Şurasının Guangdong Əyalət Komitəsinin sədri Lin Keqing, Çinin Azərbaycandakı səfiri Lu Mei, Ələt Azad İqtisadi Zonası İdarəetmə Təşkilatının İdarə Heyətinin sədri (AFEZ) Valeh Ələsgərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak ediblər.
Tədbir çərçivəsində "CCPIT Guangdong" şirkəti ilə AZPROMO arasında Anlaşma Memorandumu imzalanması nəzərdə tutulub.
İlk növbədə çıxış edən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, cari ilin may ayının birinə olan məlumata görə, Azərbaycanda 300-ə yaxın Çin şirkəti fəaliyyət göstərir.
"Çin şirkətlərini azad olunmuş ərazilərin inkişafına dəvət edirik. Bu ərazilərin böyük iqtisadi, turizm potensialı var. Bu ərazilərin reinteqrasiya prosesində Çinin texnoji həllərinin tətbiqi hər iki tərəf üçün faydalı olar.
Son 5 ildə qeyri-neft-qaz sektorumuz 26%, qeyri-neft-qaz sənayesinə yaradılmış əlavə dəyər isə 1,5% artıb. Əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticarət dövriyyəmizin də genişləndirilməsi üçün geniş imkanlar açır. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37% artaraq 1,4 mlrd. ABŞ dollarını üstələyib. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər.", - o bildirib.
Daha sonra Çin Xalq Siyasi Məşvərət Şurasının Guangdong Əyalət Komitəsinin sədri Lin Kıçinq əlavə edib ki, keçən ilin iyul ayında Çin və Azərbaycan strateji tərəfdaşlıq münasibətləri qurduqlarını elan etdilər. Bu ilin aprel ayında isə iki ölkənin dövlət başçıları arasında razılıq əldə olunaraq hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına qərar verildi. Bu, iki ölkə arasında uzun illər davam edən dostluq əlaqələrinin bəhrəsi olmaqla yanaşı, həm də iqtisadi və ticarət əməkdaşlığında yeni bir səhifənin başlanğıcıdır.
O bildirib ki, iki ölkə arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq artıq ciddi nəticələr verib: "Azərbaycan Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşı olmuşdur. Bu dəfə Guangdong vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi, Guangdong ilə Azərbaycan arasında daha geniş sahələrdə və daha yüksək səviyyədə qarşılıqlı inkişafın təmin olunmasına təkan verməkdir. Guangdong vilayəti Çinin ən iri iqtisadi, əhali və xarici ticarətə malik əyalətidir və eyni zamanda Çin islahatları və açıq siyasətinin öncül bölgəsidir.
2020-ci ildə Guangdong vilayətinin ümumi daxili məhsulu 14 trilyon yuanı keçdi və 36 il ardıcıl olaraq Çin üzrə birinci yerdə qərarlaşdı. Bu ilin birinci rübündə isə vilayətin ÜDM-si 3.35 trilyon yuandan çox oldu, xarici ticarət dövriyyəsi 2.14 trilyon yuana çataraq tarixdə analoji dövr üçün yeni rekord müəyyənləşdirdi. Artıq bu bölgə həm ölkə daxilində, həm də xaricdə diqqət mərkəzində olan sərmayə üçün əlverişli bir yerə, sahibkarlıq üçün münbit bir torpağa çevrilmişdir".
Ələt Azad İqtisadi Zonası İdarəetmə Təşkilatının İdarə Heyətinin sədri (AFEZ) Valeh Ələsgərov isə qeyd edib ki, Ələt Azad İqtisadi Zonası regionun ən cəlbedici azad iqtisadi zonasıdır. Gələcək investorlar üçün deyim ki, biz 60 hektarlıq ərazini təqdim etməyə hazırıq. Bu yaxınlarda növbəti 138 hektar ərazini investorlara təqdim etməyə hazır olacağıq. Bir il sonra isə 364 hektar ərazini investorlara təqdim edəcəyik. Cəmisi bu günə aşağısı 6500 hektar ərazimiz vardır.
Öz növbəsində Çinin Azərbaycandakı səfiri Lu Mei deyib ki, son illərdə Çin-Azərbaycan iqtisadi və ticarət əməkdaşlığı müsbət inkişaf tendensiyası nümayiş etdirir — ikitərəfli ticarət durmadan artır, Çin artıq Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük idxal mənbəyi ölkəsinə çevrilmişdir.
O bildirib ki, iki ölkə arasında ivestisiyalar sabit şəkildə artır: "Azərbaycan tərəfinin statistikasına görə, hazırda Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı təxminən 300-dür, Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 900 milyon ABŞ dollarını keçmişdir. Azərbaycanın Çinə yatırdığı investisiyaların həcmi təxminən 300 milyon ABŞ dollarıdır. Hazırda Çin və Azərbaycan tərəfləri yalnız tikinti materialları, neft-qaz axtarışı, infrastruktur əlaqələndirmə, kənd təsərrüfatı avadanlıqları, telekommunikasiya və texnologiya sahələrində konkret layihələr həyata keçirməklə kifayətlənmirlər, eyni zamanda külək enerjisi, günəş enerjisi və yeni enerji nəqliyyat vasitələri kimi yeni sahələrdə əməkdaşlığı da fəal şəkildə təşviq edirlər"
Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində imzalanma mərasimi baş tutub. Azərbaycan şirkəti “Dream Group”la Çinin “Digital Team Technology Ltd.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.