...

IGB operatoru kommersiya istismarının başlamasından bəri nəql olunan qaz həcmlərini açıqladı

Energetika Materials 6 İyun 2025 14:19 (UTC +04:00)
IGB operatoru kommersiya istismarının başlamasından bəri nəql olunan qaz həcmlərini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin sonunda Yunanıstan-Bolqarıstan (IGB) qaz kəmərinin kommersiya məqsədli istismara verilməsindən bəri onunla 34,5 milyon meqavatt-saatdan çox təbii qaz nəql olunub.

Bu barədə Trend layihənin operatorlaru olan ICGB şirkətinə istinadən məlumat yayıb.

“Qaz kəməri Bolqarıstanın, eləcə də. daha geniş regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji şaxələndirilməsində vacib rol oynamağa davam edir. Hazırda sistemdə 45-dən çox istifadəçi qeydiyyata alınıb, bazarın ona olan marağı isə sabit qalmaqdadır. Qış aylarında Bolqarıstanda istehlak olunan qazın 40 faizdən çoxu bu interkonnektor vasitəsilə tədarük olunur, yay aylarında isə bu rəqəm 60 faizi keçir. Bundan əlavə, bu kəmər vasitəsilə Bolqarıstandan Yunanıstana virtual şəkildə əks istiqamətdə tədarüklər həyata keçirilir”, – deyə şirkətdən bildirilib.

Qeyd olunub ki, istismara verildiyi gündən indiyədək 2 milyon MVt·s-dən artıq qaz əks istiqamətdə nəql olunub ki, bu da interkonnektorun işlək çevikliyini nümayiş etdirir. Yunanıstan tərəf müvafiq ötürmə qabiliyyəti təmin edəcəyi təqdirdə, ICGB Komotini qoşulma nöqtəsində (IP ICGB–DESFA) əks istiqamətdə də kommersiya tədarüklərinə tam hazırdır.

Xatırladaq ki, IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, eləcə də, Bolqarıstanın qaz nəqli sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşir. Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düym, layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti