Bakı.Trend:
Filippində Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) nümayəndələrinin iştirakı ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi perspektivlərinə dair görüş keçirilib.
Trend xəbər verir ki, bu, Filippin Respublikasının Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə “Gələcəyi gücləndirək: Təmiz enerji innovasiyaları, regional əməkdaşlıq və inteqrasiya, maliyyələşmə həlləri” mövzusunda keçirilən “2025-Asiya Təmiz Enerji Forumu” çərçivəsində baş tutub.
Belə ki, tədbirdə Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazir müavini Forum çərçivəsində "Mərkəzi, Qərbi və Şərqi Asiya regionunun birgə gələcəyi üçün Yaşıl Dəhlizlər" mövzusunda təşkil edilən paneldə çıxış edib. Çıxışda Azərbaycanın bərpa olunan enerji sahəsində hədəfləri, yaşıl enerjinin ixracı məqsədilə reallaşdırılan regionlararası infrastruktur layihələri və bu kontekstdə Asiya ölkələri ilə mümkün əməkdaşlıq imkanları barədə məlumat verilib. Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində elan edilmiş enerji təşəbbüslərinin yaşıl keçidin sürətləndirilməsi və beynəlxalq tərəfdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.
Səfər çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin, eləcə də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) iştirakı ilə Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinə həsr olunmuş dəyirmi masada iştirak edilib. Tədbirdə enerji əlaqələrinin gücləndirilməsi, yaşıl enerji nəqli marşrutlarının inkişafı və bu sahədə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub. Bundan əlavə, AİB və AIIB nümayəndələrinin iştirakı ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi perspektivlərinə dair görüş keçirilib.
Bununla yanaşı, AİB-in İcraçı Direktoru Rachel Thompson ilə də görüş baş tutub. Görüşdə Azərbaycanla AİB arasında enerji sahəsində mövcud əməkdaşlıq məsələləri, xüsusilə bərpa olunan enerji və enerji səmərəliliyi layihələrinə dair birgə fəaliyyət perspektivləri müzakirə olunub. Azərbaycanın yaşıl enerji dəhlizlərinin inkişafı istiqamətində gördüyü işlər və bu sahəyə investisiya qoyuluşunun dəstəklənməsi üçün maliyyə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.