...

Gömrük mübahisələri Almaniya ixracatına mənfi təsir edib

Dünya xəbərləri Materials 6 İyun 2025 13:54 (UTC +04:00)
Gömrük mübahisələri Almaniya ixracatına mənfi təsir edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük tarifləri qlobal ticarətə olduğu kimi, Almaniyanın ixracatına da ciddi təsir göstərib. Alman şirkətləri tərəfindən 2025-ci ilin aprelində ümumilikdə 131,1 milyard avro dəyərində məhsul ixrac olunub. Bu, mart ayı ilə müqayisədə 1,7 faiz, 2024-cü ilin aprel ayı ilə müqayisədə isə 2,1 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin hesabatında qeyd olunub.

İxracatda azalma Almaniyanın ən mühüm ticarət tərəfdaşı olan ABŞ ilə işgüzar əlaqələrdə də aydın şəkildə müşahidə olunub. Apreldə ABŞ-a ixracat 13 milyard avroya düşüb ki, bu, 2024-cü ilin oktyabrından bəri ən aşağı göstəricidir. ABŞ-a ixracat martla müqayisədə -10,5, ötən ilin aprel ayı ilə müqayisədə isə 6,3 faiz azalıb.

Almaniyanın digər mühüm ticarət tərəfdaşları Çinə və Böyük Britaniyaya ixracatda da azalma qeydə alınıb. Çinə ixracat 7 milyard (-5,9 faiz), Böyük Britaniyaya isə 6 milyard avro (-2,1 faiz) təşkil edib.

İdxalın həcmi isə apreldə 116,5 milyard avro olub. Bu, mart ayı ilə müqayisədə 3,9 faiz, ötən ilin apreli ilə müqayisədə isə 3,8 faiz çoxdur. Beləliklə, aprel ayında Almaniyanın xarici ticarət saldosu 14,6 milyard avro təşkil edib ki, bu da müvafiq müqayisədə xeyli azdır. Belə ki, bu göstərici martda 21,3 milyard, ötən ilin aprelində isə 21,6 milyard avro olub.

Xəbər lenti

Xəbər lenti