Bakı. Trend:
Çinin “Sinxua” informasiya agentliyi ipəkçilik sahəsində Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafı ilə bağlı xüsusi reportaj hazırlayıb.
Trend xəbər verir ki, reportaj Azərbaycanın Qax şəhərində hazırlanıb.
Reportajın başlanğıcında səhər dumanı fonunda baş mühəndis Nemət Süleymanlı baramaçılıq stansiyasındakı cavan tut ağacı plantasiyasına baxış keçirir.
“Bu üç hektar ərazidə 2019-cu ildə əkilmiş 30 min Çin tingi bitir. Baxın, artıq demək olar çiynimə çatıblar,” – deyə o bildirir. – “Altı il ərzində 4,5 milyon ting idxal etmişik. Bu, əsl dirçəlişdir.”
Materialda qeyd olunur ki, Azərbaycan vaxtilə SSRİ-də barama istehsalına görə ikinci yerdə dayanırdı – illik 20 min tona qədər barama istehsal olunurdu. Yerli ipək Yaponiya, İsveçrə və İtaliya kimi ölkələrə ixrac olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra baramaçılıq yox olmaq təhlükəsi ilə üz-üzə qaldı.
“1986-cı ildə 6000 ton barama istehsal etmişdik, 2015-ci ildə isə cəmi 236 kiloqram,” – Qax seleksiya stansiyasına 40 il rəhbərlik etmiş Əkrəm Fətəliyev xatırlayır.
Dönüş nöqtəsi 2016-cı ildə baş verdi: Prezident İlham Əliyev baramaçılığa dövlət dəstəyi ilə bağlı sərəncam imzaladı. Yeni toxumların tətbiqi layihəsinə start verildi və ilk Çin tingləri ilə barama toxumları Tyan-Şanı və Xəzəri keçərək Azərbaycanda yenidən kök salmağa başladı. Bu hadisə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iki ölkə arasında əməkdaşlığın yeni bir səhifəsi oldu.
Sahənin inkişafı məqsədilə 2017-ci ildə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Ölkə Çindən fəal şəkildə toxumlar (qrenlər) alaraq onları inkubasiya etməyə və fermerlərə pulsuz paylamağa başladı ki, barama istehsalı illik 6000 tona çatsın, – deyə reportajda bildirilir.
Əsas tərəfdaş kimi "Shandong Guangtong Silkworm Eggs Co., Ltd." şirkəti çıxış edir.
"2018-ci ildə Çin və Azərbaycanın ipəkçiliyə dair əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Çinin texniki dəstəyi ilə Qaxdakı seleksiya stansiyası yenidən quruldu", - materialda qeyd olunur.
Baş mühəndis N. Süleymanlı bildirib ki, hazırda "Qax-1" və "Qax-2" sortları yetişdirilir. Yaxın vaxtlarda kokonlar formalaşacaq və nəticədə yeni bir sort əldə olunacaq. Çindən daha iki yeni toxum (qren) sortunun gətirilməsi gözlənilir.
Qeyd olunur ki, bu il Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Çindən yenidən 5000 qutu qren idxal edib və onlara yerli istehsal olan 1000 qutu qren də əlavə olunub. 240 tona yaxın məhsul yığımı proqnozlaşdırılır.