...

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət müsbət həllini tapıb

Cəmiyyət Materials 5 İyun 2025 15:39 (UTC +04:00)
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət müsbət həllini tapıb

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet telekommunikasiya xidməti göstərən operator və provayderi sərbəst seçmək hüququnun qorunması, operator və provayderlərə bərabər şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Son 1 il ərzində İKTA-ya 194 yaşayış kompleksində operator və provayderi sərbəst seçmək hüququnun təmin edilməsi, operator və provayderlərə bərabər şəraitin yaradılması ilə bağlı 215 müraciət daxil olub.

İKTA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 83 müraciət üzrə çoxmənzilli yaşayış binalarında 1 internet provayderinin fəaliyyət göstərdiyi aşkar edilib. Bundan əlavə, 80 müraciət üzrə 2, 36 müraciət üzrə isə 3 və daha artıq internet provayderinin fəaliyyət göstərdiyi müəyyən olunub.

Hazırda tənzimləyici qurum tərəfindən 16 müraciət üzrə məsələnin araşdırılması həyata keçirilir.

İKTA tərəfindən atılmış addımlar nəticəsində 17 müraciət müsbət həllini tapıb. Belə ki, müvafiq MTK-lar və idarəedici təşkilatlar tərəfindən internet operator və provayderlərə həmin binalarda fəaliyyət göstərmək imkanı yaradılıb. Digər müraciətlər üzrə də tədbirlər davam etdirilir.

Telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.

Tənzimləyici qurum istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olmaqla digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində qanunvericiliyə uyğun tədbirlərin davam etdiriləcəyini bir daha xatırladır.

Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Müvafiq pozuntu halları ilə qarşılaşan istehlakçı və internet provayderlərinə bu məsələlərlə bağlı tənzimləyici quruma müraciət etmələri tövsiyə olunur.

Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti