...

BVF Azərbaycanda vergi siyasəti ilə bağlı islahatları tam qiymətləndirməyib - RƏSMİ

İqtisadiyyat Materials 5 İyun 2025 13:06 (UTC +04:00)
BVF Azərbaycanda vergi siyasəti ilə bağlı islahatları tam qiymətləndirməyib - RƏSMİ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu tərəfindən (BVF) üzv ölkələrin makroiqtisadi vəziyyətini, maliyyə sabitliyini, fiskal və monetar siyasətlərini qiymətləndirmək, potensial riskləri müəyyənləşdirmək məqsədilə mütəmadi olaraq “IV Maddə Məsləhətləşmələri” missiyası həyata keçirilir. Bununla bağlı, 2025-ci ilin yanvar – fevral aylarında Azərbaycanda səfərdə olan Fondun nümayəndə heyətinə ölkəmizin makroiqtisadi vəziyyəti, iqtisadi inkişaf prioritetləri, islahat gündəliyi, fiskal və monetar siyasətləri barədə ətraflı məlumat verilib. Missiya yekunlaşdıqdan sonra bu ilin aprel ayında BVF tərəfindən Azərbaycana dair 2025-ci il üzrə yekun bəyanat dərc edilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, bəyanatda Azərbaycanın son illərdə əldə etdiyi bir sıra müsbət nəticələr - iqtisadi risklərin balanslaşdırılması, dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, inflyasiyanın sabitləşməsi və hədəf diapazonunda saxlanılması, fiskal intizamın bərpası, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində əldə olunmuş naliyyətlər vurğulanıb:

"Sənəddə Azərbaycanın dövlət qurumları tərəfindən verilən məlumatların bir çoxu öz əksini tapsa da, bir sıra əsaslı məqamlar nəzərə alınmayıb. Beynəlxalq təşkilatların ölkələr haqqında rəyin formalaşmasına və investorların qərarlarına təsirini nəzərə alaraq, aşağıda qeyd olunan məsələlər xüsusi önəm kəsb edir.

Belə ki, BVF-nin bəyanatında ölkəmizin 2025-2030-cu illər üzrə iqtisadi artım tempinin orta illik hesabla 2,6% səviyyəsində proqnozlaşdırıldığı öz əksini tapıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sonuncu makroiqtisadi proqnozlarına əsasən 2025-2029-cu illər üzrə iqtisadi artım tempi orta illik hesabla 3,8% səviyyəsində proqnozlaşdırılır".

Məlumatda xatırladılıb ki, Azərbaycanda 2022-ci ildən dövlət-özəl tərəfdaşlığının hüquqi bazası formalaşdırılıb, özəl sektorun inkişafı üçün əhəmiyyətli alətlərdən olan dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası ilə bağlı işlər görülüb:

"2024-cü ildə xarici investorla birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrası ilə bağlı işlərə başlanılıb. Bununla belə, sənəddə struktur islahatların tərkib hissəsi kimi bu sahədə aparılmış islahatlar qeyd olunmayıb.

Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə inzibatçılığın, rəqəmsallaşmanın genişləndirilməsi, biznesin təşviqi üçün geniş güzəştlərin tətbiqi, əmək bazarında islahatlar nəzərəçarpacaq müsbət nəticələrə səbəb olub. Əmək bazarında islahatların nəticəsi ötən il Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib və Azərbaycanda tətbiq olunan təcrübə digər iqtisadiyyatlar üçün araşdırılması vacib olan səmərəli model kimi qiymətləndirilib. BVF-nin yekun bəyanatında isə Azərbaycanda vergi siyasəti ilə bağlı islahatlar tam şəkildə qiymətləndirilməyib".

"Ölkəmiz vergi inzibatçılığının beynəlxalq dəyər zəncirinə uyğunlaşdırılması üçün BVF ilə əməkdaşlıq edir. Bu baxımdan Fondun Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti (TADAT) xüsusi əhəmiyyətə malikdir. 2024-cü ildə BVF və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında bu alətdən istifadə edərək daxili qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, BVF tərəfindən DVX əməkdaşlarına TADAT əsasında təlim keçirilib. TADAT-la bağlı əməkdaşlığa baxmayaraq, Fondun ölkəmizlə bağlı sənədində Azərbaycana bu alətdən istifadə ilə bağlı tövsiyə yer alıb.

Bəyanatda sənaye və istehsal sektorunun kredit portfelindəki payının 2024-cü ildə 5%-dən 8%-ə yüksəldiyi göstərilsə də, bu rəqəm Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən 5,5%-dir.

Azərbaycanda beynəlxalq təşkilatlarla uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa böyük önəm verilir və bu əməkdaşlıqların daha da gücləndirilməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti