...

“Baku Energy Forum”un ilk günü başa çatıb (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 3 İyun 2025 17:22 (UTC +04:00)
“Baku Energy Forum”un ilk günü başa çatıb (FOTO) (YENİLƏNİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

30-cu Yubiley “Baku Energy Forum”un ilk günü başa çatıb.

Trend xəbər verir ki, Azərbaycanla yanaşı, iştirakçı ölkələr sırasına Almaniya, ABŞ, Belçika, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çin, Estoniya, Finlandiya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Hollandiya, Norveç, Pakistan, Rumıniya, Rusiya, Qvineya-Bisau, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə və Yaponiya daxildir. Bu il forumun proqramına rekord sayda məruzəçi daxildir: 74-dür.

Forum 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji “Caspian Power” sərgilərinin də daxil olduğu 30-cu Bakı Enerji Həftəsi çərçivəsində keçirilir.

Qeyd edək ki, bu il Bakı Enerji Həftəsi 39 ölkədən 267 şirkətə ev sahibliyi edir. İştirakçıların coğrafiyası bütün enerji mənzərəsini əhatə edir - Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər.

Forumda ilk çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yaxın iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyası istismara veriləcək.

“Biz təkcə mənbə və marşrutlar üzrə deyil, eyni zamanda enerji növləri üzrə şaxələndirməyə olan yanaşmamızı genişləndiririk. Yaxın iki il ərzində “yaşıl” energetikanın ilk inkişaf mərhələsi başa çatdırılacaq: 10 günəş və külək elektrik stansiyası istismara veriləcək”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, 2025-ci ilin sonuna qədər 240MVt gücdə külək elektrik stansiyasının inşası başa çatacaq. “Bu il ümumilikdə 200 MVt gücündə daha 3 günəş stansiyasının tikintisinə başlanacaq. Həmçinin 100MVt gücündə üzən günəş stansiyası layihəsinə hazırlıqlar aparılır.

Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları təşkil etməklə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7%-ə çatacaq. Bu payı 2030-cu ilə qədər 38%-ə, 2035-ci ilə qədər isə 42,5%-ə yüksəltməyi planlaşdırırıq”, - deyə nazir əlavə edib.

Daha sonra Pakistanın neft naziri Əli Pərviz Malik qeyd edib ki, Pakistan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Onun sözlərinə görə, Pakistan enerji sahəsində dayanıqlı inkişafa böyük önəm verir və Azərbaycanı bu prosesdə vacib tərəfdaş kimi nəzərdən keçirir. “Biz inklüzivlik və dayanıqlı inkişaf istiqamətində irələliləmək istəyirik. Biz sənayeləşmə və bərpa olunan enerji və texnologiyaların tətbiqinə dəstək məsələsində bu keçidin davamlı inkişafını təmin etməliyik”, - deyə nazir bildirib.

O həmçinin vurğulayıb ki, Pakistan qaz infrastrukturu sahəsində, o cümlədən region ölkələrini birləşdirən boru kəmərlərinin tikintisi imkanlarını da əhatə edən birgə əməkdaşlığa hazırdır. “Azərbaycan bizə Pakistanda qaz infrastrukturu və yataqlarının inkişafında kömək edir. Ölkəmizin enerji infrastrukturu bu sahədə işləmək üçün əlverişlidir, çünki Pakistanda 120 min kilometr uzunluğunda boru kəməri şəbəkəsi mövcuddur”, – Əli Pərviz Malik bildirib.

Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları naziri Abdullahi Bidxan Varsame isə vurğulayıb ki, Somali enerji sahəsində Azərbaycanla tərəfdaşlığa böyük önəm verir.

Onun sözlərinə görə, Somali Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və təmiz enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çalışır. “Enerji sektorunun keçidi ilə bağlı səylərimiz çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı Anlaşma memorandumu imzalayıb”, – deyə nazir qeyd edib.

O həmçinin vurğulayıb ki, Bakı Enerji Forumu qlobal tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib. “Bu platforma bizi birgə təşəbbüslərə cəlb etməyə, enerji keçidimizi daha inklüziv və dayanıqlı etməyə kömək edir”, - deyə Varsame əlavə edib.

Öz növbəsində Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero əlavə edib ki, Avropa enerji keçidində Azərbaycanı etibarlı tərəfdaş hesab edir.

Onun sözlərinə görə, Avropa İttifaqı enerji keçidi istiqamətində inamla irəliləməyə davam edir və tarixində ilk dəfə olaraq ənənəvi mənbələrlə müqayisədə bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edib. “Bu, mühüm bir nailiyyətdir və biz dayanıqlı inkişaf və iqlim neytrallığı üzrə öhdəliklərimizi yerinə yetirməyə davam edirik”,- deyə o qeyd edib. Borrero həmçinin vurğulayıb ki, enerji təhlükəsizliyi məsələsi, ələlxüsus geosiyasi qeyri-sabitlik şəraitində, Aİ üçün prioritet məsələ olaraq qalmaqdadır. “Bizə etibarlı tərəfdaşlar lazımdır və Azərbaycan belə tərəfdaşın bariz nümunəsidir. Bizim həm təbii qaz tədarükü, həm də bərpa olunan enerji sahəsində güclü əməkdaşlığımız mövcuddur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya enerji resurslarının idxalını tamamilə dayandırmaq niyyətindədir və bu məqsədlə qaz alımını ildə 155 milyard kubmetrdən 33 milyard kubmetrə qədər azaltmaq planlaşdırılır. Bu baxımdan, alternativ tədarükçülərlə tərəfdaşlıq və “yaşıl” enerji inkişafı Aİ-nin siyasətində əsas istiqamətlərə çevrilir. Aİ nümayəndəsi, həmçinin beynəlxalq əməkdaşlığın, resurslara çıxış məsələlərində şəffaflığın və dayanıqlı enerjiyə investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, qlobal enerji dialoqunun qurulmasında COP29 və Bakı Enerji Forumu kimi platformaların oynadığı rolu xüsusi olaraq qeyd edib.

Türkiyənin Energetiya və Təbii Sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar deyib ki, Türkiyə bərpa olunan enerji mənbələrinin inkişafına irimiqyaslı investisiyalar yönləndirməyi planlaşdırır. “Bizim milli enerji planımızda bərpa olunan enerji mənbələrinə irimiqyaslı investisiyaların qoyuluşu nəzərdə tutulur. Hal-hazırda bizim əldə etdiyimiz gücün 60 faizini məhz bərpa olunan enerji mənbələrinə payına düşür ki, bu da bizi bu göstəriciyə görə Avropada beşinci, bütün dünya üzrə isə on birinci edir”,- deyə o bildirib.

Çonkar Türkiyənin 2035-ci ilə qədər külək və günəş elektrik enerjisinin ümumi gücünün 30 QVt-dan 120 QVt-a çatdırılmasını planlaşdırdığını və buna təxminən 100 milyard dollar investisiyanın tələb olunduğunu qeyd edib. O, yaxın zamanda Akkuyuda ilk atom elektrik stansiyasının istismara verilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Beləcə 2050-ci ilə qədər atom enerjisi gücünün 20 QVt-a qədər artırılması planlaşdırılır.

Çexiyanın milli təhlükəsizlik üzrə müşavirinin müavini Tomaş Poyar isə qeyd edib ki, iki həftə sonra Azərbaycan nefti rəsmən Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək.

O, Çexiyanın Azərbaycan neftinin ikinci ən böyük idxalçısı olduğunu vurğulayıb. O eyni zamanda Azərbaycan qazının Çexiyanın enerji balansının mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb. "Bunu anlamaq vacibdir ki, enerji təhlükəsizliyi təkcə mənbə-ölkənin məsələsi deyil. Bu, həm də tədarük marşrutları məsələsidir. Və siz bir dəhlizdən asılı ola bilməzsiniz. Səbəblər təkcə siyasi deyil, həm də ekoloji ola bilər. Ona görə də biz həm bərpa olunan enerji mənbələri, həm də ənənəvi mənbələr baxımından - hər zaman çox-səviyyəli enerji əməkdaşlığının tərəfdarı olmuşuq", - T.Poyar deyib.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintadze vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mərkəzi rol oynamağ davam edir, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq isə enerji sahəsinin də ötəsindədir.

Onun sözlərinə görə, Gürcüstanın bu tədbirdə iştirakı Tbilisi ilə Bakı arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. “Gürcüstan lap əvvəldən Azərbaycanla birlikdə Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir. Bu dəhliz təkcə bizim ölkəmiz üçün deyil, bütövlükdə Avropa üçün etibarlı enerji mənbəyidir. Azərbaycan enerji sahəsində və digər strateji istiqamətlərdə də etibarlı tərəfdaşdır”, – deyə o bildirib.

Nazir müavini həmçinin “yaşıl” enerji sahəsindəki birgə layihələrin – Gürcüstan-Rumıniya interkonnektoru və Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan enerji dəhlizinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüslər tədarük marşrutlarının şaxələndirilməsinə və Avropa İttifaqının enerji dayanıqlığının möhkəmləndirilməsinə töhfə verəcək.

Forumda çıxışı zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf vurğulayıb ki, Azərbaycanın karbohidrogen sektoruna böyük investisiya marağı müşahidə olunur.

“Bizim illərdir üzərində işlədiyimiz bir sıra kəşfiyyat və hasilat layihələrimiz, eləcə də geoloji kəşfiyyat layihələrimiz var. Buna görə də Azərbaycanın karbohidrogen sektoruna, eyni zamanda bərpa olunan enerji istehsalı sahəsinə böyük investisiya marağı mövcuddur”,- deyə R. Nəcəf bildirib.

SOCAR prezidenti qeyd edib ki, ötən gün və bu gün imzalanmış sənədlər şirkətin layihə portfelinin genişlənməsinə, Azərbaycanda neft və qaz hasilatının artmasına və bərpa olunan enerji istehsalının inkişafına təkan verəcək əlavə investisiyalara yol açır. “Bərpa olunan enerji mənbələrinə gəlincə, bir çox ölkələrin – bəlkə də bütün ölkələrin – qarşısında duran əsas vəzifə elektrik enerjisi şəbəkələrinin ötürmə qabiliyyətinin artırılmasıdır ki, hasil edilən elektrik enerjisi yalnız daxili bazarda istifadə olunmasın, həm də ixraca yönəldilə bilsin. Belə infrastrukturun inkişafı dövlətlərarası sıx əməkdaşlıq tələb edir, çünki elektrik enerjisinin kütləvi istehsalı yalnız bir neçə ölkə bu prosesə cəlb olunduqda mənalı və səmərəli olur. Bu isə daha iri həcmlərə çıxmağa imkan verir”,- deyə o vurğulayıb.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons isə vurğulayıb ki, bp Xəzər dənizində dayanıqlı enerji keçidinə hədəflənib.

Onun sözlərinə görə, şirkət ənənəvi neft-qaz layihələrini inkişaf etdirilməsi ilə yanaşı karbonsuzlaşdırma və bərpa olunan enerji sahəsində iri miqyaslı investisiyaların ayrılmasına diqqət ayırır. “Biz 2027-ci ilə qədər “upstream” layihələrə investisiyaları 10 milyard dollara qədər artırmaqdayıq. Bununla belə biz ətraf mühiti (çirkləndirən) emissiyaları azaltdığımıza əmin olmaq istəyirik”, -deyə o bildirib.

Qari Cons həmçinin vurğulayıb ki, Azərbaycan xüsusilə AÇG və Şahdəniz layihələri sayəsində bp-nin ən sabit investisiya regionlarından biri olaraq qalmaqdadır. Şirkət Cəbrayıldakı günəş panelləri kimi bərpa olunan enerji mənbələrinin inteqrasiyasına xüsusi diqqət yetirir ki, bu da Səngəçal terminalının karbonsuzlaşdırılmasına töhfə verəcək. "Biz Qarabağda layihələri nəzərdən keçririk, həmçinin tam elektrikləşdirilmiş platforma hazırlayırıq. Bu, bizim gələcəyin enerjisinə holistik yanaşmamızı əks etdirir", -deyə Qari Cons əlavə edib.

“TotalEnergies” şirkətinin Avropada kəşfiyyat və hasilat işləri üzrə baş vitse-prezidenti Jan-Lük Gizu (Jean-Luc Guizou) əlavə edib ki, “TotalEnergies” tullantıların azaldılması və iqtisadi səmərəliliyə, o cümlədən “Abşeron” yatağının işlənilməsinə xüsusi diqqət ayırmaqla layihələrin həyata keçirilməsini davam etdirəcək.

Onun sözlərinə görə, şirkətin fəlsəfəsi yeni layihələrin icrasında ciddi intizamın qorunmasına əsaslanır; bu fəlsəfədə karbon izinin azaldılmasına, eləcə də kapital xərclərinin optimallaşdırılmasına üstünlük verilir. “İstənilən yeni layihə üçün biz bu prinsipi rəhbər tuturuq: texniki qiymətlərlə xərclər bir barel üçün 20 ABŞ dollarından aşağı olmalıdır və eyni zamanda layihə karbonsuzlaşdırma prosesinə töhfə verməlidir”, – deyə o bildirib.

“TotalEnergies” nümayəndəsi həmçinin vurğulayıb ki, İraqda tətbiq olunan layihə dizaynının sadələşdirilməsi yanaşması "Abşeron" layihəsində də fəal şəkildə istifadə olunur: “Biz boru kəmərlərinin dizaynını sadələşdirmək yollarını tapmışıq, kapital xərclərini azaltmışıq, quruda – Səngəçalda isə ekoloji izlərin azaldılmasına və artıq avadanlıqların aradan qaldırılmasına yönəlmiş həllərdən istifadə edirik”. Gizu qeyd edib ki, belə yanaşma təkcə rentabelliyi təmin etmir, həm də şirkətin dayanıqlı və ekoloji baxımdan məsuliyyətli enerji portfelinin inkişafı üzrə missiyasına tam uyğun gəlir.

Tədbirdə çıxışında Beynəlxalq Enerji Forumunun baş katibi Cəssim Əl-Şiravi deyib ki, Azərbaycan dayanıqlı və balanslaşdırılmış enerji strategiyasının formalaşdırılması sahəsində ciddi irəliləyiş nümayiş etdirir, Bakı Enerji Forumu isə bu sahədə qlobal dialoq üçün mühüm platforma rolunu oynayır.

“Forum mühüm bir dövrdə – bizim təkcə enerji məsələlərini deyil, həm də ətraf mühit problemləri, geosiyasi çağırışları, eləcə də qlobal enerji gündəminin təzələnməsinə olan zərurəti müzakirə etdiyimiz bir zamanda keçirilir".

Əl-Şiravi ötən il Azərbaycanda keçirilmiş COP29 konfransının enerji keçidi çağırışlarının dərk olunmasının və sürətlə dəyişən mühit şəraitində dayanıqlı və təhlükəsiz enerji sisteminin formalaşdırılmasının nə qədər vacib olduğunu aydın şəkildə göstərdi. Onun sözlərinə görə, IEF hər il Beynəlxalq Enerji Agentliyi (IEA) və OPEC ilə birgə Enerji Proqnozları Simpoziumu təşkil edir. Burada energetikanın gələcək inkişaf ssenariləri, enerji resurslarına qlobal tələbatın artımı və həm ənənəvi, həm də bərpa olunan enerji sektoruna investisiya ehtiyacı müzakirə olunur. “Proqnozlara əsasən, dünya üzrə enerji istehlakının 89 faizi hələ də ənənəvi mənbələrin payına düşəcək. Lakin qarşıdakı onilliklərdə bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Xüsusilə də inkişaf etməkdə olan ölkələrə investisiyaların təmin olunması olduqca vacibdir – çünki bu ölkələr dünya əhalisinin üçdə ikisini təşkil etsələr də, qlobal təmiz enerji investisiyalarının cəmi 15 faizini alırlar”, – deyə o qeyd edib.

Forum öz işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti