Bakı. Trend:
2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azaldıb. Qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil edib.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq ölkəmizdə 2024-cü ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olub.
“Bu dövrdə ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olub.
İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib. Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəkləyib. Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin edib.
Tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olub. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatıb. Təxminən ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib.
2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşıb. Bu icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olub”, - komitə sədri qeyd edib.