Bakı. Trend:
Azərbaycanın karbohidrogen sektoruna böyük investisiya marağı müşahidə olunur.
Trend xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf, Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
“Bizim illərdir üzərində işlədiyimiz bir sıra kəşfiyyat və hasilat layihələrimiz, eləcə də geoloji kəşfiyyat layihələrimiz var. Buna görə də Azərbaycanın karbohidrogen sektoruna, eyni zamanda bərpa olunan enerji istehsalı sahəsinə böyük investisiya marağı mövcuddur”,- deyə R. Nəcəf bildirib.
SOCAR prezidenti qeyd edib ki, ötən gün və bu gün imzalanmış sənədlər şirkətin layihə portfelinin genişlənməsinə, Azərbaycanda neft və qaz hasilatının artmasına və bərpa olunan enerji istehsalının inkişafına təkan verəcək əlavə investisiyalara yol açır.
“Bərpa olunan enerji mənbələrinə gəlincə, bir çox ölkələrin – bəlkə də bütün ölkələrin – qarşısında duran əsas vəzifə elektrik enerjisi şəbəkələrinin ötürmə qabiliyyətinin artırılmasıdır ki, hasil edilən elektrik enerjisi yalnız daxili bazarda istifadə olunmasın, həm də ixraca yönəldilə bilsin. Belə infrastrukturun inkişafı dövlətlərarası sıx əməkdaşlıq tələb edir, çünki elektrik enerjisinin kütləvi istehsalı yalnız bir neçə ölkə bu prosesə cəlb olunduqda mənalı və səmərəli olur. Bu isə daha iri həcmlərə çıxmağa imkan verir”,- deyə o vurğulayıb.