Bakı. Trend:
“Qarabağ” yatağından ilk neftin hasilatı 2029-cu ilə planlaşdırılır.
Trend xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell brifinqdə söyləyib.
“Biz ilk nefti 2029-cu ildə əldə etməyi planlaşdırırıq. Bu, iri yatağın işlənməsi üçün kifayət qədər qısa müddətdir. Konsepsiyaya daimi heyətin yerləşdirilməsi üçün nəzərdə tutulmayan platforma daxildir. Bu, yüngülləşdirilmiş qurğu olacaq – üst tikililər və bəzi avadanlıqlarla təchiz ediləcək, uzaqdan idarə olunacaq və dənizdə daimi insan iştirakı olmadan fəaliyyət göstərəcək”, – deyə o bildirib.
Qeyd edək ki, bp şirkəti “Qarabağ” neft yatağında pay iştirakının alınması üzrə sazişin bağlanmasını sona çatdırıb. Müqavilə bu gün Bakı Enerji Həftəsi çərçivəsində bp və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb.
“Qarabağ” neft yatağı Bakıdan təxminən 120 km şərqdə və “Günəşli” yatağından 20–25 km məsafədə yerləşir. Yataq 150–200 metr dərinlikdədir.