Bakı. Trend:
Energetika Nazirliyinin Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsinə dair İnvestisiya Sazişi çərçivəsində Enerso Cəbrayıl şirkəti tərəfindən bir sıra razılaşmalar imzalanıb. Bakı Enerji Həftəsində, 2 iyun tarixində əldə olunan razılaşmalardan biri - Balanslaşdırma Müqaviləsi “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Norm” ASC-nin Maliyyə və Strategiya üzrə Baş icraçı direktor müavini Elvin Mirzəyev və Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanıb. Belə ki, “Norm” ASC günəş enerjinin alıcısı qismində çıxış edəcək və bu da şirkətin dekarbonizasiya hədəfləri çərçivəsində yaşıl enerjiyə keçidini sürətləndirəcək.
“Bu razılaşmaya qoşulmaq, Norm olaraq, COP29-da ictimaiyyətə elan olunan 2050-cı il xalis sıfır karbon emissiyası hədəflərinin reallaşdırılmasına doğru tərəfimizdən atılan mühüm addımdır. Belə ki, Azərbaycan Sement İstehsalçıları Assosiyasiyasının üzvü kimi, 2050-ci il Xalis Sıfır Yol Xəritəsinə uyğun olaraq, atacağımız addımlardan biri alternativ enerjidən istifadə ilə sənayenin dekarbonizasiyasına töhfə verməkdir” deyə, Elvin Mirzəyev qeyd edib.
50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasında hər il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.