Bakı. Trend:
Moldova “yaşıl” enerjinin Xəzər dənizi regionundan Avropaya nəqliyini nəzərdə tutan “Black Sea Cable” layihəsinə qoşulmaq istəyir.
Bunu Trend-ə Moldovanın Energetika nazirliyinin dövlət katibi Karolina Novak Bakı Enerji Həftəsi çərçivəsində özəl müsahibəsində deyib.
“Biz “Black Sea Cable” layihəsində iştirak etməkdə maraqlıyıq. Bu layihənin katibliyi Buxarestdə yerləşir və rumın tərəfdaşlarla çox yüksək səviyyəli qarşılıqlı fəaliyyətimiz var. İlk növbədə biz iştirak üçün hansı prosedurlardan keçməyin vacib olduğunu anlamaq istəyirik”, -deyə Novak bildirib.
Dövlət katibi əlavə edib ki, Moldova həm enerji təhlükəsizliyini, həm də “yaşıl” gələcəyə keçid yolunda dayanıqlılığı təmin edən balanslaşdırılmış enerji strategiyasına sadiqdir.
“Son dörd ildə Moldova bərpa olunan enerji mənbələri üzrə gücü səkkiz dəfə artırıb, bu yaxınlarda isə ümumi gücü 165 MVt olan günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi üçün hərraclara start verib və ilin sonuna qədər enerji şəbəkəsinin sabitliyini artırmaq məqsədilə enerji saxlama sistemlərini (BESS) işə salmağı planlaşdırır. 2025-ci il aprelin 11-də Moldovanın Davamlı Enerji üzrə Milli Mərkəzi (IP CNED) ilə Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri üzrə Agentliyi arasında enerji səmərəliliyi və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının işçi sessiyası çərçivəsində imzalanıb”, – deyə o qeyd edib.
Novakın sözlərinə görə, Memorandumda müəyyən edilmiş əsas əməkdaşlıq istiqamətləri aşağıdakılardır:
- Bərpa olunan enerji mənbələrinin təşviqi ilə bağlı qanunvericilik, tədqiqat və digər materiallar üzrə informasiya mübadiləsi;
- Bərpa olunan enerji texnologiyalarının inkişafı, enerji səmərəliliyinin artırılması və innovativ həllərin yaradılmasına yönəlmiş elmi tədqiqat sahəsində əməkdaşlıq;
- Akkumulyator texnologiyaları, hidrogen və “ağıllı şəbəkə” (smart grid) daxil olmaqla enerji səmərəli texnologiyaların və həllərin tətbiqi üzrə bilik və təcrübə mübadiləsi.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə 1000 MVt gücündə, uzunluğu 1195 kilometr olan sualtı enerji kabelinin salınmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu kabel vasitəsilə Azərbaycanda və Gürcüstanda istehsal olunan “yaşıl” elektrik enerjisi Rumıniyaya, oradan isə Macarıstana və digər Avropa ölkələrinə ötürüləcək ki, bu da Avropanın Qafqaz regionundan bərpa olunan enerji mənbələrinə çıxışını gücləndirəcək. Bolqarıstan da layihəyə qoşulmaqda maraqlı olduğunu bildirib.