Bakı. Trend:
Xəzər-Qara dəniz-Avropa layihəsinin maliyyə və kommersiya detalları yaxın zamanda təqdim olunacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışında deyib.
“Xəzər-Qara dəniz-Avropa dəhlizi hal-hazırda texniki-iqtisadi əsaslandırmanın yekun mərhələsindədir. Bu yaxınlarda biz Buxarestdə layihədə iştirak edən ölkələri təmsil edən və investorlarla, maliyyəçilərlə, kredit tədarükçüləri ilə texniki-iqtisadi əsaslandırmadan sonrakı mümkün addımlar barədə danışıqlar aparmaq hüququ verən birgə müəssisə yaratmışıq.
“Layihənin maliyyə və kommersiya detalları yaxın zamanda təqdim olunacaq – və çox güman ki, onlar olduqca perspektivli olacaq”, – deyə nazir müavini bildirib.
Zeynalov vurğulayıb ki, enerji sənayenin fəaliyyətinin təmin edilməsində, iqtisadi artımın stimullaşdırılmasında və inkişafında əsas rol oynayır.
“Biz bütün enerji növlərini qarşılıqlı əlaqəlilik vasitələri kimi qiymətləndiririk. On illər ərzində neft-qaz sektoruna investisiyalar qoymuş və regional əlaqəliliyi təmin edən genişmiqyaslı layihələr həyata keçirmişik”, – o əlavə edib.