Bakı. Trend:
İyunun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən MDB ölkələrinin şirniyyat masası təqdim edilib.
Trend xəbər verir ki, “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı üzrə Tədbirlər Planına müvafiq olaraq təqdim olunan şirniyyat masasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistanın usta qənnadçılarının təklif etdiyi menyu çeşidləri sərgilənib.
Usta qənnadçıların təqdimatında MDB ölkələrinin klassik qənnadı məmulatları ilə yanaşı, həmin məhsulların hazırlandığı biomüxtəliflik nümunələri də nümayiş olunub, ziyarətçilərə bu məhsulların hazırlanma üsulları ilə bağlı məlumat verilib. Tədbirdə Azərbaycan milli şirniyyatları UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilən Azərbaycanın çay mədəniyyəti mərasimi ilə birgə təqdim olunub.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.