Bakı. Trend:
Azərbaycanın Energetika nazirliyi 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil and Gas) çərçivəsində bir sıra sazişlər bağlayıb.
Trend xəbər verir ki, Azərbaycanın Energetika nazirliyi ilə “Enerso Jabrail LLC” şirkəti ilə Azərbaycanda 50 meqavatt gücündə “Şəms” günəş elektrik stansiyasının inşası layihəsi üzrə torpaq sahəsinin icarəsi haqda saziş imzalanıb.
Bundan əlavə, Azərbaycanda 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyasının inşası üçün “Universal Solar Azerbaijan” şirkəti ilə torpaq icarəsi müqaviləsi də imzalanıb.
Həmçinin Azərbaycanın Energetika nazirliyi və “China Energy Engineering Corporation Limited” korporasiyası arasında enerji sahəsində hərtərəfli strateji əməkdaşlıq haqda saziş bağlanıb.
Bundan başqa Cəbrayılda günəş elektrik stansiyalarının inşası
üzrə “Norm” ASC ilə müqavilələr imzalanıb.
Bundan əlavə, Azərbaycanın Energetika Nazirliyi ilə “Maire
Tecnimont S.p.A.” şirkəti arasında enerji keçidi sahəsində
qarşılıqlı anlaşma haqqında Memorandumun müddətinin uzadılması
məqsədilə sənədə müvafiq dəyişikliklərin edilməsi barədə Protokol
imzalanıb.
Həmçinin, bu gün bp, “SOCAR Green” və Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) ilə birgə müəssisə olan “Shafag (Cəbrayıl) Solar Limited (SJSL)” şirkətinin səhmdarları “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə yekun investisiya qərarını elan ediblər. Bu qərar Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikintisinə başlamağa imkan verir.
Eyni zamanda, Səngəçal terminalı investorları – bp, SOCAR, TPAO, “LUKOIL”, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, “ExxonMobil”, “ITOCHU”, ONGC Videsh, Eni, MVM və “TotalEnergies” bu gün Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini (STEL) təsdiqləyiblər. Layihə çərçivəsində terminalın “Azərenerji” ASC tərəfindən idarə olunan dövlət elektrik şəbəkəsinə qoşulması təmin ediləcək. Bunun üçün terminal ərazisində və ondan kənarda yeni infrastruktur obyektləri, o cümlədən 220/110 kV-luq yeni elektrik yarımstansiyası inşa olunacaq.