...

Odessada Müstəqillik Günü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2025 21:00 (UTC +04:00)
Odessada Müstəqillik Günü münasibətilə tədbir keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Odessa şəhərində "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 107-ci ili qeyd olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə təşkilatın İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Öncə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib. Ardınca hər iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin moderatoru, Ukrayna vəkillər kollegiyasının üzvü, hüquqşünas Aydın Əliyev cümhuriyyət tarixi haqqında məlumat verib. O, AXC-nin insan haqlarına xüsusi önəm verdiyini, 20-ci əsrin əvvəlində şərq ölkəsində qadınlara seçmək və seçilmək hüququ tanıdığını vurğulayıb.

"Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanov 107 il öncə yaranan cümhuriyyətin varisi, bugünkü Azərbaycan Respublikasının sükanının Prezident İlham Əliyevin timsalında əmin əllərdə olduğunu söyləyib.

Odessa İqtisad Universitetinin keçmiş rektoru, professor Mixail Zveryakov Azərbaycan- Ukrayna dövlətlərarası münasibətlərindən, xalqlar arasında dostluq əlaqələrinin tarixindən danışıb.

Keçmiş xalq deputatı Aleksandr Presman Azərbaycanın qüdrətli orduya sahib dövlət kimi Qafqazdakı hegemon rolunu xüsusi qeyd edib.

Odessa rayon radasının sədri Vitali Barvenenko cümhuriyyət bayramı münasibətilə azərbaycanlıları təbrik edib və Odessada yaranacaq Azərbaycan parkı üçün əllərindən gələn dəstəyi göstərəcəklərini diqqətə çatdırıb.

Əfqan milli-mədəni birliyinin sədri Nuri Əzim xalqlarımızın dostluğundan bəhs edib.

Ağsaqqallar Şurasının sədri Hacı Namiq 28 May gününün xalqımızın müstəqillik və dövlətçilik tarixindəki rolundan danışıb.

"Qürurverici haldır ki, ilk paytaxtımız Gəncə və Odessa qardaşlaşmış şəhərlərdir. Mən həm də ilk dövlətimizin iki naziri, Nəsib bəy Yusifbəyli və Xosrov bəy Sultanovun məhz Odessada indiki İ.İ.Meçnikov adına universitetdə təhsil aldıqlarını qeyd etmək istərdim",-deyə "Birlik" təşkilatının sədr müavini Anar Natiqoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti