Bakı. Trend:
Türkiyənin İzmir şəhərinin Bornova Atatürk Amfiteatrında 28 May - Müstəqillik Günü münasibətilə konsert proqram təşkil edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, konsert proqramı Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Türkiyə Azərbaycan-Dərnəkləri Federasiyasının (TADEF), İzmir Bornova Bələdiyyəsinin və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Ümummilli Lider Heydər Əliyevin və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildikdən sonra Dövlət himnləri səsləndirilib.
Sonra TADEF-in fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Konsertin aparıcısı, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Roza İbadova-Kocamaz tədbiri açıq elan etdikdən sonra çıxış üçün sözü Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıla verib. Cavid İsmayıl çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, işğala son qoyulduğunu xatırladıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan incəsənət ustaları səhnəyə çıxıb. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov balabanda xalq və bəstəkar mahnılarını, müəllifi olduğu bəstələri səsləndirib. Tanınmış tarzən Rövşən Qurbanovun muğam qrupunun – kamançada Ceyhun Muradov və nağarada Səyyar Teymurovun müşayiəti ilə məşhur xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəvanə Qurbanova könül oxşayan Azərbaycan muğamı nümunələrini oxuyub. “Artem İzmir” qrupu məşhur rəqs nömrələri göstəriblər.
Əllərində Azərbaycan və Türkiyənin bayraqları dalğalanan tamaşaçılar incəsənət ustalarının çıxışlarını sürəkli alqışlarla qarşılayıblar. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna da iştirak edib.
Xatırladaq ki, konsert proqramları Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil olunub.
Bundan əvvəl Qars, İğdır və İstanbul şəhərlərində baş tutan konsertlərdə də çox böyük coşğu ilə qarşılandıqlarını deyən Azərbaycan incəsənət ustaları adıçəkilən şəhərlərdə sözün əsl mənasında Azərbaycan mədəniyyətinin təntənəsinin yaşandığını vurğulayıblar.
Tədbir Türkiyə mediasında geniş işıqlandırılıb.