Bakı. Trend:
“Space X” şirkətinin sahibi, amerikalı milyarder İlon Mask “Gigabay” adlı yeni istehsalat kompleksinin inşası ilə bağlı iddialı planını təqdim edib.
Trend xəbər verir ki, planın təfərrüatı barədə o, Texas şəhərində keçirdiyi təqdimatda danışıb.
Maskın sözlərinə görə, o, dünyanın ən böyük binalarından biri - bəzi parametrlərinə görə isə planetin ən irimiqyaslı tikilisi olacaq.
“Bu, bizim Gigabay zavodumuzdur. Hələ inşa olunmayıb, lakin hazırda tikintisi gedir. Düşünürəm ki, bəzi parametrlərinə görə bu, dünyada ən böyük tikili olacaq. Zavod ildə min ədəd "Starship" istehsal etmək üçün nəzərdə tutulub”, – deyə Mask təqdimat zamanı bildirib.
Şirkətin əsas məqsədi “Starship” kosmik gəmilərinin misli görülməmiş istehsal sürətini təmin etməkdir – ildə min ədədə çatdırılması planlaşdırılır. Bu cür yüksək məhsuldarlıq “SpaceX”in Marsın kolonizasiyası və NASA-nın Ay missiyalarını dəstəkləmək kimi uzunmüddətli hədəflərinin reallaşdırılması baxımından həyati əhəmiyyət daşıyır.