Bakı. Trend:
SLB Azərbaycanla texnoloji əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümid edirik.
Bunu Trend-ə SLB şirkətinin Azərbaycanda texnologiyalar və marketinq üzrə meneceri Dmitriy Kofman 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil and Gas) çərçivəsində deyib.
“Azərbaycanda maraqlı, eyni zamanda, mürəkkəb əməliyyat mühiti mövcuddur. Burada müxtəlif sənaye sahələri fəal şəkildə inkişaf edir ki, bu da texnologiyalara xüsusi diqqət ayrılmasını zəruri edir. Məhz bu səbəbdən biz müştərilərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik ki, konkret tapşırıqlara ən uyğun qabaqcıl texnologiyaları tətbiq edərək əməliyyatların maksimum səmərə ilə həyata keçirilməsini təmin edək.
Biz SOCAR, bp və Azərbaycanda təmsil olunan bir sıra müstəqil əməliyyatçılarla əməkdaşlıq edirik. Şübhəsiz ki, texnoloji əməkdaşlığın davam etdiriləcəyinə, fəal qarşılıqlı fəaliyyətə və səmərəli həllərin birgə şəkildə bazara çıxarılacağına ümid edirik”, - deyə o bildirib
Dmitri Kofman qeyd edib ki, şirkət Azərbaycanda yataqların işlənməsi üzrə öz ekspert təcrübəsini bölüşür və optimal yanaşmalar təklif edir.