Bakı. Trend:
Sülh sazişi layihəsinin mətninin razılaşdırılması barədə rəsmi bəyanatdan sonra Azərbaycanla Ermənistan arasında diplomatik canlanma yenidən aktuallaşdı.
ABŞ Dövlət Departamentinin mənsubları ardıcıl şəkildə Bakı və İrəvana səfərlərini intensivləşdirdi, Avropa İttifaqı Qara dəniz strategiyası və Orta Dəhliz perspektivləri haqqında ritorikanı yenidən dövriyyəyə buraxdı, Rusiya isə "prosesin başa çatdırılmasının vacibliyi" mövzusunda daha sərt və ictimai siqnallar verməyə başladı. Amma bu diplomatik fəallığın arxasında dayanan çoxqatlı və dolaşıq reallıq onu göstərir ki, bölgədə davamlı sülh sadəcə təyyarə səfərləri və birgə bəyanatlarla yox, konkret hüquqi, siyasi və institusional qərarlarla təmin oluna bilər.
2020-ci il 10 noyabr - 2025-ci il aprel: Sülhə gedən yolun xronikasına nəzər salaq:
2020-ci il, 10 noyabr. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı. Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi və kommunikasiyaların açılması nəzərdə tutuldu.
2021-ci ilin yanvarından 2022-ci ilin sonuna qədər. Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaratdılar (Şahin Mustafayev, Mher Qriqoryan, Aleksey Overçuk), amma real nəticələr olmadı. Zəngəzur dəhlizi ilə bağlı konkret addım atılmadı, Ermənistan prosesi sabotaj etdi.
2022-ci ilin fevralından 2023-cü ilin martına qədər. ABŞ və Avropa İttifaqı bu danışıqlarda fəallaşdı. İlk dəfə olaraq “böyük sülh müqaviləsi” ifadəsi açıq şəkildə istifadə olundu. Vaşinqton ikitərəfli, vasitəçilərsiz format təklif etdi.
2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər. Danışıqlar müxtəlif platformalarda - Brüsseldə (Şarl Mişelin iştirakı ilə), Moskvada, Vaşinqtonda - daha intensiv xarakter aldı. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər epizodik olsa da, ardıcıl məqsədli idi. Bakı hüquqi cəhətdən məcburi sənədin imzalanmasında israrlı idi.
2025-ci ilin apreli. Tərəflər müqavilə layihəsinin mətninin razılaşdırıldığını açıqladılar. ABŞ, Aİ, Rusiya, BMT və digər aktorlar dərhal “sülhə dəstək” bəyanatları ilə çıxış etdilər. Lakin bu dalğanın içində konkret siyasi iradə yox idi.
Vaşinqton Cənubi Qafqazda özünü “demokratik sülhün təminatçısı” kimi təqdim edir. Ancaq ABŞ nə Minsk Qrupunun buraxılması, nə də Ermənistan konstitusiyasının beynəlxalq hüquqa zidd maddələri ilə bağlı heç bir mövqe bildirməyib. Dövlət Departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Laura Lomanın, ardınca isə baş məsləhətçi Derek Şollenin səfərləri heç bir konkret bəyanatla nəticələnməyib. Onların səfərləri sadəcə “prosesi dəstəkləyirik” tipli söz yığınından ibarətdir.
Brüssel iqtisadi ritorikanı ön plana çəkir - Orta Dəhliz, logistika, enerji, rəqəmsallaşma. Amma Ermənistan konstitusiyasında dəyişiklik, ya da Minsk Qrupunun ləğvi mövzusunda Aİ susqunluğunu qoruyur. Avropa Komissiyası “regionda investisiya potensialının yüksək olduğu”nu deyir, amma nə vəsaitin mənbəyi, nə də konkret layihələr haqqında məlumat vermir.
Rusiya bölgədə sülhün əsas zəmanətçisi olmaq istəyir. Amma Rusiya Xarici İşlər Nazirliyi sadəcə “dialoqa dəstək”, “kompromisə ehtiyac” kimi boş ritorika ilə kifayətlənir. Nə Sergey Lavrov, nə də onun müavinləri Minsk Qrupunun ləğvini dəstəkləyib. Halbuki bu qurum 2020-ci ildən bəri fəaliyyətsiz və legitimlikdən məhrumdur. Rusiya üçün ATƏT - Parisin, Vaşinqtonun və Moskvanın birlikdə təsir rıçaqları saxladığı platformadır.
Formal olaraq hələ də üçhəmsədrli format kimi “yaşayan” bir Minsk Qrupu struktur sayılsa da, 2020-dən bəri heç bir real iclas keçirilməyib. Fransa və ABŞ isə bu mexanizmin adını hələ də saxlayır. Azərbaycan rəsmi şəkildə bu qurumun mandatının başa çatdığını bəyan edib və ATƏT-də formal səsvermə ilə onun ləğvini tələb edir. Lakin Qərb bu məsələni gündəmə gətirməkdən yayınır, çünki bu, Qərbin diplomatik uğursuzluğunu etiraf etməyə bərabərdir.
Ermənistanın əsas qanununun giriş hissəsində “müstəqillik bəyannaməsi”nə istinad edilir, yəni orada açıq şəkildə Qarabağa qarşı ərazi iddiası var. Bu isə istənilən sülh müqaviləsinin ruhu və məzmunu ilə tam ziddiyyət təşkil edir. Azərbaycan tələb edir ki, Ermənistan Konstitusiyasını beynəlxalq müqavilələrə uyğunlaşdırma öhdəliyi götürsün. Amma bu məsələdə nə Vaşinqton, nə Brüssel, nə də Moskva öz dəstəyini bildirməyə cəsarət etməyib - nə açıq şəkildə, nə də dolayı yolla.
Bəs yaxşı, sülhə dəstək nə deməkdir? Quru bəyanat yox, prinsipial mövqe? Sülhə dəstək sadəcə xoş niyyət ifadəsi deyil. Bu, bütöv tənzimləmə mexanizminin tanınması və ardıcıl dəstəklənməsi deməkdir. Əgər kimsə səmimi olaraq bölgədə davamlı sülh istəyirsə, o zaman:
- ATƏT-in Minsk Qrupunun tərəflərin tələbi ilə hüquqi şəkildə
ləğvinə razılıq verməlidir;
- Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini -
yəni etnik zəmində münaqişənin sonlandırılması üçün bu addımın
vacibliyini açıq şəkildə tanımalıdır;
- Zəngəzur dəhlizini bölgənin açılması prosesinin ayrılmaz və
imtinaolunmaz tərkib hissəsi kimi qəbul etməlidir - digər
marşrutlarla hüquqi bərabərlik yaratmadan.
Əgər beynəlxalq aktorlar bu üç prinsipdən yayınırsa, onların “sülhə dəstək” bəyanatları sadəcə rituallardır - strateji məna və praktik faydası olmayan, ictimaiyyətə hesablanan səhnəlik jestlərdən başqa bir şey deyil.
“Zərər verməmə” və “gəlin, ortaq yol tapaq” tipli diplomatik yanaşmalar Cənubi Qafqazda artıq öz dövrünü bitirib. Azərbaycan artıq bu prosesdə iştirak üçün ona ayrılmış etimad limitini tükədib. Azərbaycan üçün fundamental olan - ərazi bütövlüyü, özünü diskreditə etmiş formatların hüquqi ləğvi və bağlanacaq sazişlərin normativ aydınlığı - əgər bunlar görməzdən gəlinirsə, imzalanacaq sənəd sadəcə kağız üzərində qalacaq, öhdəliksiz və perspektivsiz bir mətn olacaq.
Deməli, yeganə çıxış yolu odur ki, beynəlxalq aktorlar diplomatik şəkildə bəzədilmiş ritorika ilə deyil, siyasi reallıqları, hüquqi əsasları və tərəflərin strateji maraqlarını açıq şəkildə tanısınlar. Qalan hər şey - səs və təsir illüziyasıdır.
Azərbaycanın danışıqlarda irəli sürdüyü əsas mövqelər siyasi bəyanatlardan yox, konkret hüquqi arqumentlərdən ibarətdir. Bu da onu Qərb vasitəçilərindən fərqləndirir. Qərb diplomatları hələ də “ümumi prinsiplər”, “uzunmüddətli maraqlar”, “proseslərin mərhələliliyi” kimi qeyri-müəyyən ifadələrlə danışdığı halda, Bakı hüquqi kolliziyaların aradan qaldırılmasında israrlıdır.
2020-ci ilin noyabrından sonra Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmir. Amma hüquqi baxımdan onun mövcudluğu ATƏT çərçivəsində saxlanılır. Bu isə istənilən anda Ermənistan və ya digər qərəzli tərəflər tərəfindən “statusun yenidən müzakirəsi” üçün platforma kimi dirildilə bilər. Bu təhlükə realdır.
Əgər bir tərəfdən sülh sazişi imzalanır, digər tərəfdən isə Minsk Qrupunun hüquqi mandatı kağız üzərində qalırsa, bu, normativ ziddiyyət yaradır. Məhz buna görə də Azərbaycan tələb edir: sadəcə bu qurumu rəsmi ritorikadan çıxarmaq yox, onun hüquqi-institusional şəkildə ləğvi təmin olunmalıdır. Əks halda, bu keçmiş format sülh arxitekturasını içəridən sarsıtmaq potensialı daşıyır.
Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il müstəqillik bəyannaməsinə istinad edilir. Həmin sənəddə isə “Qarabağ ermənilərinin Ermənistanla birləşməsi” kimi birbaşa ərazi iddiası mövcuddur. Bu isə BMT Nizamnaməsi ilə təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü prinsipinə açıq ziddir.
Əgər Ermənistan sülh sazişi imzalayır və orada Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, amma eyni zamanda öz konstitusiyasında bu prinsipə zidd müddəaları saxlayırsa, bu zaman müqavilə daxilində hüquqi qeyri-sabitlik yaranır. Gələcəkdə bu müddəalar Ermənistan Konstitusiya Məhkəməsi vasitəsilə sülh müqaviləsini bloklamaq üçün istifadə oluna bilər.
Buna görə də Azərbaycan prinsipial şəkildə bildirir: müqavilə yalnız o halda məntiqli və sabit olacaq ki, Ermənistan siyasi səviyyədə konstitusiya islahatına başlamağa razılıq versin. Bu ultimatum deyil - bu, gələcək sülhün hüquqi təminatıdır.
ABŞ və Aİ-nin Cənubi Qafqazda həyata keçirdiyi “sülhyaratma missiyası” getdikcə simvolik xarakter alır. “İnteqrasiya”, “əlaqələrin bərpası”, “qarşılıqlı anlaşma” tipli ritorik klişelərin arxasında əsaslı qərarların qəbulundan yayınma dayanır.
Qərb eyni anda bir neçə istiqamətdə hərəkət edir: bir tərəfdən, Bakı və İrəvanla ikitərəfli formatlarda danışıqlar aparır, digər tərəfdən isə regionda institutlaşmaq - missiyalar, layihələr və vasitəçilik mexanizmləri ilə nəzarəti qorumaq istəyir. Bu, Minsk Qrupunun iflasa uğramasını etiraf etmədən, onun yerinə yeni mexanizmlər gətirmək və prosesə nəzarəti əldən buraxmamaq üçündür.
Qərb diplomatları “Zəngəzur dəhlizi”, “Minsk Qrupunun ləğvi”, “Konstitusiya dəyişikliyi” kimi ifadələrdən açıq şəkildə qaçırlar. Əvəzində isə “qarşılıqlı narahatlıqların aradan qaldırılması”, “maraq balansının qorunması”, “mərhələli harmonizasiya” kimi diplomatik dumanlarla çıxış edirlər. Belə leksika danışıqların ilkin mərhələsində qəbulolunan ola bilərdi, amma söhbət hüquqi öhdəlik daşıyan sənədin hazırlanmasından gedirsə, bu cür ifadələr artıq sabotaj xarakteri daşıyır.
Rusiya 2020-ci il üçtərəfli bəyanatının formal təminatçısı olaraq qalır. Amma onun siyasi davranışı günü-gündən daha çox reaktiv və qeyri-müəyyən xarakter alır. Rusiya Xarici İşlər Nazirliyi “sabitliyin vacibliyi” barədə daimi bəyanatlar versə də, bu sözlərin arxasında real öhdəlik və ya mövqe yoxdur. Məsələn, Moskva Minsk Qrupunun ləğvi məsələsində heç bir açıq mövqe bildirməyib. Halbuki, Rusiya tərəfi hələ 2021-ci ildə bu formatın artıq işə yaramadığını qəbul etmişdi. Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasındakı Qarabağa dair müddəaların aradan qaldırılması tələbinə dəstək verməyib. 2023-cü ilin payızından sonra hüquqi statusu müəyyən olunmayan sülhməramlı kontingent vasitəsilə bölgədə formal hərbi mövcudluğunu qoruyur.
Bütün bunlar onu göstərir ki, Rusiya gələcəkdə öz təsir alətlərini qorumaq üçün qeyri-müəyyənlikdən bir növ siyasi alət kimi istifadə edə bilər. Yəni rəsmi Moskva açıq şəkildə tərəf tutmaqdan qaçır, amma manevr imkanlarını da itirmək istəmir. Bu isə sabitlik yox, geopolitik vakuum yaradır.
Regionda kommunikasiya xətlərinin açılması ilə bağlı paralel danışıqlar prosesi, bəzi beynəlxalq aktorlar tərəfindən artıq Bakıya təzyiq vasitəsinə çevrilib. Halbuki 2020-ci il bəyanatında çox aydın yazılıb: Azərbaycanın vətəndaşları və yük daşımaları Ermənistan ərazisindən maneəsiz keçməlidir. Bu isə deməkdir ki, Horadiz-Meğri-Naxçıvan xəttində heç bir gömrük, sərhəd və miqrasiya yoxlaması ola bilməz. Bundan başqa, tranzit beynəlxalq və ya neytral müşahidə altında təmin olunmalıdır, Ermənistanın nəzarəti ilə yox.
Qərb diplomatlarının “qarşılıqlı yoxlama”, “ortaq monitorinq” və “birgə koordinasiya” kimi təklifləri bu öhdəliyin mahiyyətini dəyişir. Bu, nəinki 2020-ci ilin razılaşmasına ziddir, həm də Zəngəzur dəhlizinin mahiyyətini kökündən sarsıdır. Belə yanaşma Ermənistana sonsuz təxirəsalmalara haqq qazandırmaq imkanı verir və sazişlərin yerinə yetirilməsini sabotaj edir.
Sülh sazişi sadəcə iki dövlət arasında razılaşdırılmış siyasi sənəd deyil. Bu, beynəlxalq hüquqi aktdır və onun legitimliyi bir neçə əsas üzərində qurulmalıdır:
- beynəlxalq hüququn norma və prinsiplərinə uyğunluq;
- daha əvvəl qəbul olunmuş sənədlərlə - o cümlədən 1993-cü il BMT
Təhlükəsizlik Şurasının qətnamələri ilə əlaqəlilik;
- dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə
hörmət.
Əgər kimsə bu müqaviləni Ermənistan cəmiyyətinin daxili siyasi ab-havasına, ya da bəzi müxalif qrupların etirazlarına bağlamaq istəyirsə, bu artıq hüquqi sabitliyin deyil, qeyri-müəyyənliyin bünövrəsini qoymaqdır.
Bugünkü mərhələdə Azərbaycan-Ermənistan sülh prosesi elə bir nöqtəyə gəlib çıxıb ki, burada artıq diplomatik ritorika işləmir. Bu mərhələdə “zərif bəyanatlar” yox, prinsipial və normativ qərarlar lazımdır.
Əgər beynəlxalq vasitəçilər həqiqətən də sülhə töhfə vermək istəyirlərsə, onlar açıq şəkildə Minsk Qrupunun ləğvini sülh prosesinin legitimliyini pozan paralel formatların aradan qaldırılması kimi tanımalı; Ermənistan Konstitusiyasının gələcək müqaviləyə uyğunlaşdırılması təşəbbüsünü dəstəkləməli; Zəngəzur dəhlizini suveren və Ermənistan nəzarətindən kənar bir marşrut kimi tanımalı və bu barədə hüquqi bəyanat verməlidirlər.
Əks halda, bütün bu proses sadəcə yeni bir diplomatik ilğım mərhələsinə girəcək. Amma diplomatiya illüziyalar üzərində qurulanda, o, heç vaxt sülh gətirməyib. Azərbaycanın mövqeyi aydındır - real hüquqi təminatlar olmadan saziş imzalamaq münaqişənin yeni mərhələsinə zəmin hazırlamaq deməkdir. Bunu hamı anlamalıdır.