...

Avstriyada Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 2 İyun 2025 17:54 (UTC +04:00)
Avstriyada Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avstriyanın Forarlberq əyalətinin Hohenems şəhərində Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə klassik musiqi axşamı və qəbul keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə yerli hökumət və parlament rəsmiləri, iqtisadi dairələrin rəhbər şəxsləri, siyasətçilər, konsullar, yerli ictimaiyyətin təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Hohenems qəsrinin sahibəsi qrafinya Ştefani Valdburq-Tsayl belə bir möhtəşəm tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu, gələcəkdə də bu regionda Avstriya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək işlərin görüləcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli əsası 107 il əvvəl qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət dövrü, qısa zamanda dövlət quruculuğunun müxtəlif sahələri üzrə əldə etdiyi tarixi nailiyyətlər barədə danışıb. Həmçinin Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik və Avstriyanın məşhur bəstəkarı Yohann Ştrausun 200 illik yubileylərinin qeyd olunduğunu da diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev təmsil etdiyi qurumun ölkələrimiz arasında əlaqələrin inkişafına diqqət göstərdiyini, xüsusilə soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və onun tam hüquqlu üzvləri olması və tarixi Vətənləri ilə bağlarının qorunub saxlanmasını dəstəklədiyini ifadə edib. Xalqlar arasında anlaşmanı və mədəni mübadiləni ehtiva edən bu kimi tədbirləri yüksək qiymətləndirib.

“Böyük qürurverici haldır ki, biz bu gün həm Azərbaycanın, həm də Avstriyanın musiqi nəhənglərinin yubileylərini bir tədbirdə qeyd edirik. Bu, xalqlarımız arasında dostluğun, mədəni əlaqələrin dərinliyini əks etdirir. Tədbirin məhz Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 May tarixində keçirilməsi onun daha bir diqqətçəkən məqamıdır. Hər il Azərbaycan xalqı tariximizin bu əlamətdar gününü qürurla qeyd edir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanan müstəqil siyasətini daha qətiyyətlə və prinsipial şəkildə davam etdirir. Qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu baxımdan heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib”, - deyə komitə sədrinin müavini qeyd edib.

Bədii hissədə Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə “Arpeccione” Kamera Orkestrinin ifasında Azərbaycan və Avropa klassik musiqi incilərindən ibarət konsert proqram təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti