Bakı. Trend:
“China Energy Engineering Corporation Limited” Azərbaycanın elektrik şəbəkəsinin müasirləşdirilməsi üzrə Azərbaycanın Energetika nazirliyi ilə danışıqlar aparır – məqsəd bərpaolunan enerji mənbələrini iri həcmlərdə ölkənin enerji sisteminə inteqrasiya etməkdir.
Bunu Trend-ə “China Energy Engineering Corporation Limited” korporasiyasının vitse-prezidenti Bo Van bilidirib.
"Biz Füzuli bölgəsində 160 meqavat gücündə günəş elektrik stansiyası layihəsini təşviq etməkdəyik. Eyni zamanda Xəzər dənizində 200 meqavat gücündə dəniz külək elektrik stansiyası ilə bağlı tədqiqatların aparılması planlaşdırılır. Bundan əlavə, Azərbaycan Energetika Nazirliyi ilə bərpa olunan enerjinin dayanıqlı inkişafını təmin etmək məqsədilə enerji şəbəkəsinin müasirləşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb", -deyə o bildirib.
Bo Van qeyd edib ki, “China Energy Engineering Corporation Limited” dünya üzrə elektrik enerjisi sahəsində ən böyük şirkət olaraq, həm investor, həm də EPC (mühəndislik, satınalma və tikinti) prinsipi ilə podratçı qismində fəaliyyət göstərir və Azərbaycanla əməkdaşlığa strateji önəm verir.
“Hazırda Azərbaycan Energetika Nazirliyi ilə günəş enerjisi və dəniz külək enerjisinə investisiya qoyuluşu sahəsində birgə təşəbbüslərimiz var. Bundan əlavə, ölkənin enerji sisteminə daha çox bərpa olunan enerji mənbələrinin inteqrasiyası məqsədilə elektrik şəbəkələrinin müasirləşdirilməsi üzrə nazirliklə danışıqlar aparırıq”, - deyə o vurğulayıb.