...

Modern tədris sistemləri və qlobal inteqrasiya konteksində AzMİU – 50 ildə formalaşan təcrübə (FOTO)

Cəmiyyət Materials 2 İyun 2025 11:45 (UTC +04:00)
Modern tədris sistemləri və qlobal inteqrasiya konteksində AzMİU – 50 ildə formalaşan təcrübə (FOTO)

Bakı. Trend:

Son onillikdə qlobal təhsil sistemində mühüm dəyişikliklər baş vermişdir. Dünyanın aparıcı universitetləri yeni metodikaların tətbiqi və innovativ yanaşmalarla tədris prosesini daha səmərəli və nəticəyönümlü etmək üçün davamlı olaraq islahatlar həyata keçirirlər. Rəqəmsallaşma, fərdiləşdirilmiş öyrənmə, interaktiv dərs metodları və beynəlxalq əməkdaşlıqlar təhsil sahəsində rəqabət qabiliyyətini artıran əsas istiqamətlərdəndir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) də bu qlobal dəyişikliklərə çevik reaksiya verərək, tədris prosesini müasir standartlara uyğunlaşdırmaq və beynəlxalq təhsil mühitinə inteqrasiya etmək istiqamətində ardıcıl addımlar atır. Bu il universitetin 50 illik yubileyi münasibətilə həyata keçirilən islahatlar daha da sürətlənmiş, tədris prosesinin modernləşdirilməsi və tədris metodlarının yenilənməsi istiqamətində bir sıra mühüm layihələr reallaşdırılmışdır.

Bu gün biz AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımovla universitetin müasir təhsil sistemlərinə inteqrasiyası, aparıcı universitetlərlə əməkdaşlıq və həyata keçirilən islahatlar barədə söhbət edəcəyik.

Akif müəllim, ilk olaraq AzMİU-nun 50 illik yubileyi münasibətilə həyata keçirilən islahatlar və onların tədris prosesinə təsiri barədə məlumat verərdiniz.

Əvvəla onu qeyd edim ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən 1975-ci ildə qoyulmuş və Respublikamızım inşaat sektoruna yüksək ixtisaslı kadrlar hazırlayan universitetimiz bu il öz yarım əsirlik yubileyini keçirməyə hazırlaşır. Doğrudur Respublikamızda inşaat və memarlıq eliminin əsası 1920-ci ildə Bakıda Politexnik İnstitutunun yaradılması ilə qoyulmuşdur. Son dövrlər elm və təhsil sahəsində qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi təhsil strategiyası ilə sıx bağlıdır. Bu siyasətin layiqli davamçısı, möhtərəm Prezident, Ali baş komandanımız İlham Əliyevin diqqət və qayğısı ilə universitetin maddi-texniki bazasının gücləndirilməsi, burada müasir təhsil mühitinin yaradılması ilə yüksək ixtisaslı mütəxəssislərin hazırlığına əlverişli zəmin yaranmışdır. AzMİU-nun 50 illik yubileyi təkcə tariximizin əlamətdar bir mərhələsi deyil, həm də universitetimizin rektoru, memarlıq doktoru, professor, Əməkdar memar Gülçöhrə xanım Məmmədovanın rəhbərliyi ilə tədris prosesinin modernləşdirilməsi və beynəlxalq təhsil məkanına inteqrasiya istiqamətində böyük addımların atıldığı bir dövr oldu. Bu yubiley çərçivəsində həyata keçirilən islahatlar simvolik əhəmiyyət daşımaqla yanaşı, universitetin inkişaf strategiyasının davamı kimi qiymətləndirilməlidir.

Bu gün qürurla qeyd edə bilərik ki, AzMİU tarixində ən çox tələbə sayına çataraq 13,500-dən çox gənci öz təhsil ailəsinə cəlb edib. Bu nailiyyət universitetimizin düzgün yolda olduğunu, ixtisaslarımızın rəqabətə davamlı olduğunu və tədrisin keyfiyyətinin yüksək səviyyədə təmin edildiyini bir daha sübut edir.

Əlbəttə ki, islahatlar yalnız bunlarla kifayətlənmir. Biz hər il müasir tələblərə uyğun tədris prosesini təkmilləşdirmək və dünya təhsil məkanına daha sıx inteqrasiya etmək üçün yorulmadan çalışırıq. Bu il isə 50 illik yubileyin yaratdığı xüsusi stimul sayəsində həyata keçirilən layihələr həm də tarixi əhəmiyyət daşıyır.

AzMİU-nun təhsil sisteminin qlobal standartlara uyğunlaşdırılması istiqamətində Türkiyə universitetləri vasitəsilə və birbaşa Qərb ali təhsil sisteminə inteqrasiya istiqamətində ciddi işlər görürük. Bu prosesin əsas məqsədi müəllimlərin bilik səviyyəsini və öyrətmə vərdişlərini daha da yüksəltməkdir. Bu istiqamətdə davamlı təlimlər və beynəlxalq təcrübə mübadiləsi həyata keçirilir.

Eyni zamanda, universitetimizin ixtisaslarının beynəlxalq akkreditasiyadan keçməsi bizim üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək istərdim ki, AzMİU-nun Memarlıq fakültəsi növbəti müddətə nüfuzlu RİBA akkreditasiyasından, İnşaat fakültəsinin “İnşaat mühəndisliyi” ixtisası bakalavryat və magistratura səviyyələrində və Nəqliyyat fakültələrinin “Nəqliyyat tikintisi mühəndisliyi” ixtisası isə İAAR-ın akkreditasiyasından uğurla keçib. Bu uğurlar, beynəlxalq səviyyədə tədris keyfiyyətinin tanınmasının bir göstəricisidir. Növbəti tədris ilində isə daha 5 ixtisasın beynəlxalq akkreditasiyadan keçirilməsi planlaşdırılır.
Tədris prosesində qiymətləndirmə sistemini də təkmilləşdiririk. Hazırda daha individual yanaşmaya keçid üzərində çalışırıq ki, hər bir tələbənin fərdi potensialını daha yaxşı dəyərləndirə bilək. Bu da tədrisin keyfiyyətinin artırılması və tələbəyönümlü yanaşmanın gücləndirilməsi baxımından çox vacibdir.

Bütün bu islahatlar AzMİU-nun müasir dövrün tələblərinə cavab verən və beynəlxalq təhsil mühitində öz mövqeyini möhkəmləndirən bir ali təhsil ocağına çevrilməsinə xidmət edir.

Hazırda dünyanın aparıcı universitetlərində tətbiq olunan müasir tədris metodları hansılardır və AzMİU bu təcrübələri necə mənimsəyir?

Dünyanın aparıcı universitetləri, xüsusilə memarlıq, inşaat və mühəndislik ixtisasları üzrə, müasir tədris metodlarını daim təkmilləşdirərək, tələbələrə daha interaktiv və təcrübəyə əsaslanan öyrənmə mühiti yaradırlar. Məsələn, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) və Stanford Universiteti kimi qabaqcıl təhsil ocaqları Layihə Əsaslı Öyrənmə (Project-Based Learning) və Problem Əsaslı Öyrənmə (Problem-Based Learning) yanaşmalarını geniş tətbiq edirlər. Bu metodlar tələbələrə real layihələr üzərində işləmək və kompleks problemləri həll etmək bacarığı qazandırır.

Memarlıq yönümlü ixtisasların tədrisində London Universitet Kolleci (UCL) və Delft Texniki Universiteti (TU Delft) tələbələrin yaradıcılığını və tənqidi düşünmə qabiliyyətini inkişaf etdirmək üçün rəqəmsal modelləşdirmə və virtual reallıq texnologiyalarından geniş istifadə edirlər. Bu yanaşma tələbələrə müasir dizayn alətləri ilə işləmək və layihələri daha realist və innovativ formada təqdim etmək imkanı verir.

İnşaat mühəndisliyi sahəsində isə Zürix Texnologiya İnstitutu (ETH Zurich) və Kaliforniya Texnologiya İnstitutu (Caltech) kimi universitetlərdə süni intellekt, böyük verilənlər (Big Data) və tikinti məlumatlarının modelləşdirilməsi (BIM) tədris prosesinə uğurla inteqrasiya olunub. Bu, tələbələrə müasir mühəndislik problemlərini rəqəmsal texnologiyaların köməyi ilə həll etmə bacarığı qazandırır.

AzMİU olaraq, biz də bu qabaqcıl təcrübələri diqqətlə öyrənir və tədris prosesimizdə tətbiq etmək üçün bir sıra işlər görürük. Xüsusilə, memarlıq və inşaat sahəsində rəqəmsal texnologiyaların istifadəsinə böyük önəm veririk. Bu məqsədlə, tədris proqramlarına BIM texnologiyaları, rəqəmsal dizayn və modelləşdirmə dərsləri daxil edilib. Müəllimlərimiz isə mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edir, tədris vərdişlərini təkmilləşdirirlər.

Bundan əlavə, tələbələrimizə real layihələr üzərində işləmək imkanı yaratmaq üçün sənaye tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Layihə əsaslı tədris modelini daha da genişləndirərək, tələbələrə nəzəri biliklərini təcrübədə tətbiq etmək şansı yaradırıq. Həmçinin daha əvvəl də qeyd etdiyim kimi, qiymətləndirmə sistemimizi fərdi yanaşma prinsipi üzərində qurmağa çalışırıq ki, hər bir tələbənin fərdi inkişafını daha dəqiq dəyərləndirə bilək.

Bu istiqamətdə davamlı olaraq təkmilləşməyi və dünyanın aparıcı universitetlərinin müasir tədris metodlarını mənimsəməyi hədəfləyirik. AzMİU-nun uğur strategiyası məhz müasir tədris sistemlərini qlobal standartlara uyğunlaşdırmaqdan keçir.

Universitetin beynəlxalq təhsil məkanına inteqrasiyası istiqamətində hansı addımlar atılır və bu istiqamətdə hansı yeniliklər gözlənilir?

Bizim əsas məqsədimiz Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) beynəlxalq təhsil məkanında layiqli təmsil etmək, qlobal təcrübəni mənimsəmək və rəqabətə davamlı universitet profilimizi inkişaf etdirməkdir. Bu məqsədlərə çatmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin qərar və sərəncanlarını universitet rektorunun əmrlərini rəhbər tutaraq ardıcıl və məqsədyönlü addımlar atırıq.

Hazırda beynəlxalq əlaqələrimizin genişləndirilməsi istiqamətində ciddi işlər görürük. Universitetimizin xarici universitetlərlə əməkdaşlıq dairəsi ildən-ilə böyüyür və hazırda 100-dən çox aktiv əməkdaşlıq etdiyimiz xarici universitet mövcuddur. Bu tərəfdaş universitetlərlə birgə elmi-texniki konfranslar təşkil edir, bilik və təcrübə mübadiləsi aparırıq. Eyni zamanda, müəllim və tələbələrimizin beynəlxalq mübadilə proqramlarında iştirakını təmin edirik ki, bu da tədrisin keyfiyyətini yüksəltmək baxımından böyük əhəmiyyət daşıyır.

Son illərdə xüsusilə ikili diplom müqavilələrinin sayını artırmağa çalışırıq. Ötən ay AzMİU-nun dünyanın aparıcı universitetlərindən biri ilə sayca 9-cu ikili diplom müqaviləsi imzalandı. Bu müqavilələr tələbələrimizə eyni zamanda həm bizim universitetin diplomunu, həm də nüfuzlu universitetlərin – İngiltərənin Vestminster Universitetinin, Türkiyənin İstanbul Texniki Universitetinin, İspaniyanın Koruno Universitetinin, İtaliyanın Milan Politexnik Universitetinin və digərlərinin diplomlarını almaq imkanı yaradır.

Bizim üçün bu əməkdaşlıqlar təkcə diplomların tanınması baxımından deyil, həm də qabaqcıl tədris təcrübəsini mənimsəmək baxımından vacibdir. Məsələn, İnşaat mühəndisliyi ixtisasımız üzrə tədris planı və metodologiya tamamilə İstanbul Texniki Universitetinin müvafiq proqramı ilə eynidir. Bu, tələbələrimizə qlobal standartlara uyğun bilik və bacarıqlar qazandırır. Müqavilələrə əsasən, həm bizim tələbələr xaricdə təhsil alır, həm də tərəfdaş universitetlərin tələbələri bizə gəlib iki il ərzində tədris prosesində iştirak edirlər.

Beynəlxalq təhsil layihələri çərçivəsində də fəal iş aparırıq. Müəllim və tələbələrimizin beynəlxalq konfranslarda, qlobal əhəmiyyət kəsb edən platformalarda iştirakını təmin edirik. Bu da AzMİU-nun dünya təhsil arenasında rəqabətə davamlı universitet kimi tanınmasına xidmət edir.

Müasir tədris prosesində rəqəmsallaşma və onlayn tədris imkanlarının rolu haqqında fikirlərinizi bölüşərdiniz. AzMİU bu sahədə hansı yeniliklər həyata keçirir?

Müasir tədris prosesində rəqəmsallaşma və onlayn tədris imkanlarının rolu əvəzsizdir. Rəqəmsallaşma günümüzün tələbidir və tədrisin keyfiyyətini artırmaq üçün mühüm alət hesab olunur. Xüsusilə pandemiya dövründə biz bunun əhəmiyyətini daha dərindən dərk etdik və bu istiqamətdə mühüm addımlar atdıq.

AzMİU olaraq, rəqəmsallaşma prosesinə xüsusi diqqət yetiririk. Universitetimizdə elektron universitet sistemi yaradılıb və bu sistem tədris prosesinin idarə olunmasında, sənədləşmə və məlumat mübadiləsində, həmçinin tələbə-müəllim əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Bu platforma vasitəsilə tələbələr dərs cədvəllərini, mühazirə materiallarını və qiymətləndirmə nəticələrini asanlıqla əldə edə bilirlər.

Distant tədris təcrübəmiz də kifayət qədər zəngindir. Artıq uzun müddətdir ki, lazım gələndə ixtisaslar və fənlər üzrə onlayn tədris imkanlarını uğurla həyata keçirirə bilirik. Bununla yanaşı, rəqəmsal transformasiyanı yalnız texniki və texnoloji baxımdan deyil, həm də fəlsəfi yanaşma kimi mənimsəməyə çalışırıq. Universitet rəhbərliyi rəqəmsal transformasiyanın tədrisə, idarəetməyə və ümumiyyətlə, ali təhsil sisteminə gətirə biləcəyi riskləri və imkanları daim dəyərləndirir. Bu baxımdan, rəqəmsallaşmanın idarəetmə proseslərinə inteqrasiyasını təkmilləşdirir, müəllim və tələbələrimizi rəqəmsal bacarıqlarla təmin etmək üçün müvafiq təlimlər təşkil edirik.

Bilirsiniz, rəqəmsallaşmaya keçid ilk növbədə universitet əməkdaşlarının rəqəmsal bacarıqlarının təkmilləşdirilməsindən keçir və bununla bağlı AzMİU-nun İnformasiya və kommunikasiya texnologiyaları (İKT) mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq treyninqlər təşkil edilir.

AzMİU-da rəqəmsallaşmanın davamlı inkişafı üçün texniki infrastrukturu yeniləyir, müasir proqram təminatları və platformalar tətbiq edirik. Bu da rəqəmsallaşmanın yaratdığı imkanları maksimum dərəcədə dəyərləndirmək və tədrisin keyfiyyətini daha da artırmaq məqsədi daşıyırıq.

Hesab edirəm ki, gəcəkdə də yeni texnologiyaların mənimsənilməsi və rəqəmsal tədris modellərinin daha geniş tətbiqi prioritetlərimiz arasında olacaq.

Akif müəllim, təhsil prosesində səmərəliliyi artırmaq üçün gələcəkdə hansı yeniliklər və layihələr planlaşdırılır?

Universitetimizin rəhbəri mütəmadi olaraq bütün aidiyyatı qrumlar qarşısında həlli vacib mühim məsələlər qoyur. Qoyulan məqsədlərə çatmaq üçün və ilk öncə təhsil prosesində səmərəliliyi artırmaq üçün gələcəkdə bir sıra mühüm yeniliklər və layihələr həyata keçirməyi planlaşdırırıq. Müasir təhsilin tələbləri daim dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşaraq universitetimizin tədris prosesini daha da təkmilləşdirmək niyyətindəyik.

Əvvəla, tədrisin rəqəmsallaşdırılması istiqamətində yeni addımlar atmağı planlaşdırırıq. Elektron universitet platformamızı daha da genişləndirərək, tələbə və müəllimlər üçün daha rahat və interaktiv istifadə imkanları yaradacağıq. Rəqəmsal qiymətləndirmə sistemini təkmilləşdirərək, tələbələrin bilik və bacarıqlarının daha obyektiv dəyərləndirilməsini təmin edəcəyik.

İkili diplom proqramlarının sayını artırmaq və yeni beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq da prioritetlərimiz arasındadır. Gələcəkdə Avropa və Asiyanın aparıcı universitetləri ilə yeni müqavilələr imzalamağı, tələbə və müəllim mübadiləsini daha da genişləndirməyi planlaşdırırıq. Bu, tələbələrimizə qlobal təhsil təcrübəsindən faydalanmaq və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrlar kimi yetişmək imkanı verəcək.

Eyni zamanda, layihə əsaslı öyrənmə metodunu daha da inkişaf etdirməyi hədəfləyirik. Tələbələrimizin real layihələr üzərində işləməsi, sənaye tərəfdaşlarımızla birgə tədqiqatlara cəlb olunması onların praktik biliklərini artıracaq. Bununla yanaşı, startap ekosistemini universitetdə gücləndirmək və innovativ ideyaların dəstəklənməsi üçün yeni texnoparkların yaradılmasını da nəzərdə tuturuq.

Tədris metodikalarının yenilənməsi də diqqət mərkəzindədir. Müəllimlərin pedaqoji bacarıqlarının inkişafı üçün beynəlxalq təlim proqramlarına qatılmalarını təmin edəcək, yeni tədris texnologiyalarının tətbiqi ilə bağlı davamlı seminarlar təşkil edəcəyik.

AzMİU-nun gələcək inkişaf strategiyasında tələbələrin fərdi inkişafına daha çox diqqət yetirmək də mühüm yer tutur. Hər bir tələbənin fərdi tədris yolunu müəyyənləşdirmək və onların potensialını maksimum dərəcədə üzə çıxarmaq üçün xüsusi mentorluq və dəstək proqramları tətbiq edəcəyik.

Beləliklə, yeniliklər və layihələr vasitəsilə tədris prosesini daha çevik, rəqabətədavamlı və müasir dövrün tələblərinə uyğun hala gətirməyi hədəfləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti