Bakı. Trend:
Polşanın avtomatik idarəetmə və istilik mühəndisliyi sahələrinə aid məhsul istehsalçısı Azərbaycanda fəaliyyət istiqamətlərini genişləndirməyi hədəfləyir.
Bu sözləri "Polna" şirkətinin layihə meneceri Vojeçix Basza 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.
O, ilk olaraq şirkət barəsində məlumat verib:
"Biz avtomatik idarəetmə və istilik mühəndisliyi sahələrinə aid olan geniş çeşiddə məhsullar, həmçinin, mərkəzləşdirilmiş yağlama avadanlıqları və laboratoriya avadanlıqları üzrə təklifimizi təqdim edirik.
Biz idarəetmə klapanlarının, diafraqmalı çoxyaylı pnevmatik aktuatorların, buxar soyuducularının, iynə tipli klapanların, tənzimləyicilərin, mərkəzləşdirilmiş yağlama avadanlıqlarının, distillə və redistillə aparatlarının layihələndirilməsi və istehsalı sahəsində ixtisaslaşmışıq".
İstehsal sahəsində 100 ildən çox təcrübələrinin olduğunu deyən şirkət nümayəndəsi məhsullarını neft-qaz, enerji istehsalı, neft-kimya, kimya sənayesi, nüvə sənayesinə satdıqlarını vurğulayıb:
"Demək olar ki, məhsullarımızı dünyanın hər bir nöqtəsinə satırıq. Əsas bazarımız, əlbəttə ki, Avropa və Polşa daxili bazarıdır. Polşanın ən böyük neft və qaz şirkəti olan Orlen Qrupu məhsullarımızla təchiz edirik. Biz, həmçinin, ADNOC ilə əməkdaşlıq edirik. Birləşmiş Ərəb Əmirliklərində ADNOC-un tədarükçülər siyahısındayıq. Eləcə də, Cənubi Amerikada tərəfdaşlarımızla əməkdaşlıq etməkdəyik. Bundan başqa, mallarımızı Özbəkistana da satırıq".
"Biz Azərbaycan bazarını araşdırmaq, qaz layihələrində, enerji layihələrində iştirak etmək üçün Bakıdayıq. Azərbaycan da bizim üçün bir hədəfdir. Azərbaycanda fəaliyyətimizi genişləndirməyi hədəfləyirik", - V.Basza qeyd edib.