...

"Baku Energy Week” tədbiri çərçivəsində "Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsi keçirilib (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2025 16:30 (UTC +04:00)
"Baku Energy Week” tədbiri çərçivəsində "Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsi keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində "Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, panel müzakirəsində ADA Universitetinin Baş müəllimi Damjan Krnjevic, Orta Şərq Texniki Universitetinin rektoru Şahin Yaman, MASDAR şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıqov və "SOCAR Green" şirkətinin günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyev iştirak ediblər.

"SOCAR Green" şirkətinin günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyev bildirib ki, Azərbaycanın yaşıl enerji sahəsində milli ekspertiza mərkəzinə çevrilmək istəyirik. Bunun üçün biz müxtəlif texnologiya sahibləri, avadanlıq istehsalçıları və təlim təşkilatları ilə əməkdaşlıq edirik ki, yaşıl texnologiyalar sahəsində ölkənin milli ekspertiza mərkəzi kimi mövqelənə bilək.

O bildirib ki, SOCAR-ın strategiyası 2035-ci ilə qədər neft və qaz şirkətindən milli enerji şirkətinə çevrilmək və 2050-ci ilə qədər sıfır emissiyaya (net zero) nail olmaqdır: "Bu, 2050-ci ilə qədər emissiyaların 40% azaldılmasını nəzərdə tutan çox iddialı və strateji bir hədəfdir. Bu strategiyanın bir hissəsi olaraq "Socar Green" yaradılıb ki, bütün bu yaşıl təşəbbüslərə rəhbərlik etsin.

"Socar Green" 2024-cü ildə yaradıldıqdan bəri bütün beynəlxalq tərəfdaşlarımızla, o cümlədən MASDAR, "ACWA Power", "bp Azərbaycan", "China Energy", "Power China", "China Datang" və digər korporasiyalarla çox sıx əməkdaşlıq edir".

Şirkət rəsmisi qeyd edib ki, hazırda onların inkişaf mərhələsində olan 1.66 giqavat gücündə layihələri mövcuddur və bu layihələr 2028-ci ilə qədər kommersiya istismar mərhələsinə çatacaq: "Bundan əlavə, hal-hazırda boru xəttimizdə (pipeline) təxminən 8–9 giqavat gücündə olan 10-dan çox layihə yer alır. Biz sürətlə inkişaf edirik, strategiyamızı formalaşdırırıq və bu strategiyanı ölkənin milli strategiyası ilə paralel şəkildə inkişaf etdiririk. Biz yalnız bərpaolunan enerji layihələrini həyata keçirməklə kifayətlənmirik, həm də bioyanacaq layihələrini tətbiq edirik. Enerji istehsalımızı da diversifikasiya edirik.

Biz bioenerji sahəsinə baxırıq, yaşıl hidrogenə baxırıq, karbonun tutulması, istifadəsi və saxlanması texnologiyalarına baxırıq. Əsasən, bizi həm öz məqsədlərimizə, həm də milli məqsədlərə çatdıracaq bütün yaşıl texnologiyalara diqqət yetiririk".

E.Tarquliyev vurğulayıb ki, bunu edərkən şirkət eyni zamanda SOCAR-ın öz müəssisələrinin də dekarbonizasiya məqsədlərinə çatmasına kömək edir: "Biz onlara yol xəritələri hazırlamaqla dəstək veririk, həmçinin bərpa olunan enerji layihələri, dekarbonizasiya layihələri və digər müxtəlif layihələri həyata keçirməklə dəstək göstəririk.

Bundan əlavə, biz yalnız iri həcmli layihələrlə deyil, kiçik və orta həcmli bərpaolunan enerji layihələri sahəsində də müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik.

Bu kiçik və orta həcmli layihələr bizə həmçinin öz enerji aktivlərimizin dekarbonizasiyası istiqamətində də ciddi dəstək verir.

Bildiyiniz kimi, ayrı-ayrı müəssisələrin 100 meqavat, 200 meqavat gücündə böyük günəş və ya külək elektrik stansiyalarına ehtiyacı yoxdur. Bu cür müəssisələrin yalnız öz tələbatını ödəyəcək qədər enerjiyə ehtiyacı var və biz bu istiqamətdə də işləyirik.

Bu prosesin son mərhələsində biz həm də Azərbaycanın yaşıl enerji sahəsində milli ekspertiza mərkəzinə çevrilmək istəyirik. Bunun üçün biz müxtəlif texnologiya sahibləri, avadanlıq istehsalçıları və təlim təşkilatları ilə əməkdaşlıq edirik ki, yaşıl texnologiyalar sahəsində ölkənin milli ekspertiza mərkəzi kimi mövqelənə bilək.

Şirkət nümayəndəsi həmçinin yaşıl enerji sahəsində mövcud qanunvericilikdən də danışıb və daha sonra hazırda "SOCAR Green"nin tək mənbəli enerji sistemindən çoxşaxəli enerji sistemlərinə keçid mərhələsində olduğunu qeyd edib:

"Eyni zamanda, əvvəllər Azərbaycanda yalnız bir enerji istehsalçısı olduğu kimi tək sahiblik modelindən də uzaqlaşırıq. İndi bir neçə müstəqil enerji istehsalçımız var, daha da çox olacaq və biz liberal enerji bazarına keçəcəyik. "SOCAR Green" bu keçidin önündə yer almaqdadır.

Biz Azərbaycanda ən böyük müstəqil enerji istehsalçısı (IPP) olmaq istəyirik. Sadəcə IPP-lərdən biri olmaq istəmirik. Biz enerji keçidi sahəsində Azərbaycanın milli enerji çempionu olmaq istəyirik və bunu yaşıl texnologiyalarla həyata keçirmək niyyətindəyik. Biz bunu günəş enerjisi ilə etmək istəyirik. Biz bunu külək enerjisi ilə etmək istəyirik. Biz bunu müxtəlif bərpa olunan enerji mənbələri – həmçinin geotermal, bioenerji ilə – müxtəlif növ və müxtəlif istiqamətli bərpa olunan enerji texnologiyaları ilə həyata keçirmək istəyirik və ölkənin yalnız bir bölgəsində deyil, bütün ərazisində tətbiq etmək niyyətindəyik. Biz bunu həm iri həcmli layihələrlə, həm də kommersiya səviyyəli layihələrlə həyata keçirmək istəyirik".

“Masdar”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov bildirib ki, “Masdar” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrin ümumi portfeli 2027-ci ilə qədər 1,2 giqavattı ötəcək.

“Biz Azərbaycana 2018-ci ildə Energetika Nazirliyinin elan etdiyi tenderdə iştirak etmək məqsədilə gəlmişik. 2021-ci ildə ofisimizi açdıq və artıq ölkədə beşinci ildir fəaliyyət göstəririk. Bizim ilk layihəmiz 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası oldu — bu, Azərbaycanda kommunal miqyaslı ilk layihədir. Hazırda tərəfdaşımız “SOCAR Green” ilə birlikdə daha iki layihənin inşasına başlamışıq və eyni zamanda, 240 MVt gücündə "Abşeron-Qaradağ" külək elektrik stansiyası layihəsini hazırlayırıq”, - deyə o bildirib.

Sadıxov vurğulayıb ki, Azərbaycan təkcə faydalı qazıntılara investisiya üçün deyil, həm də bərpa olunan enerji sahəsinə yatırımlar baxımından da cəlbedici ölkədir.

Xəbər lenti

Xəbər lenti