Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagendəki Skelgårdskirken kilsəsində “Danimarka Azərbaycan Gənclər Dostluğu Cəmiyyətinin”nin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunan bayram tədbiri keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycana dost münasibət bəsləyən müxtəlif xalqların nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Bayram tədbiri pianoçu Aliyə Mahmudzadənin orqanda Azərbaycanın Respublikasının Dövlət Himninin ifa etməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Danimarka-Azərbaycan Gənclər Dostluğu Assosasiyasının sədri Kərim Elxan Azərbaycanın müstəqillik tarixinə nəzər salıb. O, xaricdə yaşayan azərbaycanlılara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Əslən pakistanlı olan və uzun illərdir Danimarkada yaşayan tanınmış ictimai-siyasi xadim Baçi Qüreyşi azərbaycanlıları Müstəqillik günü münasibətilə təbrik edib, ölkəmizlə bağlı xatirələrini bölüşüb. O həmçinin Qarabağdakı erməni vəhşiliklərindən, Azərbaycanda yaşayan dağ yəhudilərinin həyatından, Azərbaycan və Pakistan xalqları arasında illərlə mövcud olan qardaşlıq münasibətlərinin tarixi inkişafından bəhs edib.
Danimarkada yerləşən Beynəlxalq Sülh Federasiyasının sədri Karsten Nielsen də çıxış edərək Azərbaycan xalqına öz səmimi təbriklərini çatdırıb.
Bayram tədbirinin musiqili hissəsində Danimarkada fəaliyyət göstərən istedadlı musiqiçilər – Kəmalə Hüseynova, Mehtat Zamani və Aliyə Mahmudzadə milli ruhda ifa etdikləri musiqi nümunələri ilə iştirakçılara bayram ovqatı bəxş ediblər.
Tədbirin bədii hissəsində geniş proqramla çıxış edən, Respublika və Beynəlxalq Müsabiqələr laureatı, ”Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifasında dahi bəstəkarlarımız Qara Qarayev, Cövdət Hacıyev, Vaqif Mustafazadənin, eləcə də Avropa klassiklərinin əsərləri böyük maraq və sürəkli alqışlarla qarşılanıb.