...

Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 2 İyun 2025 10:08 (UTC +04:00)
Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

İyunun 2-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” uğurla baş tutub.

Trend-in yerli müxbiri xəbər verir ki, forumun məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etməkdir.

Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirin iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər.

Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə 2 fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I paneldə Mikayıl Cabbarov, Emin Əmrullayev, Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev spiker qismində çıxış edərək bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.

II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə Qarabağ Universitetinin rektoru Şahin Bayramov bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum Qarabağ Universitetinin müəllim-tələbə heyətinin ifasında milli musiqilərimizin səsləndirildiyi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən “Təhsil və Tərəfdaşlıq Forumu”nda dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, universitetin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti